BSU rektoru Dövlət Təhlükəsizlik Xidmətinin medalı ilə təltif olunub

Bakı Slavyan Universitetinin elmi şurasının geniş iclasında universitetin rektoru, professor Nurlana Əliyevaya Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi tərəfindən "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" medalı təqdim olunub.

Təqdimetmə mərasimində çıxış edən DTX-nin rəsmi nümayəndəsi medalın N.Əliyevaya Azərbaycan dövlətçiliyinin, ölkənin milli təhlükəsizliyinin qorunmasında göstərdiyi əvəzsiz xidmətlərə, vətənpərvər və təəssübkeş gənclərin tərbiyəsi sayəsindəki çoxillik ardıcıl fəaliyyətinə görə verildiyini bildirib. O, N.Əliyevanın müstəqil Azərbaycan dövlətinin formalaşmağa başladığı ilk günlərdən Ulu Öndər Heydər Əliyevin sədaqətli silahdaşlarından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün çağırışlarına ilk səs verən əqidəli insanlardan olduğunu vurğulayıb. DTX rəsmisi N.Əliyevanın Yeni Azərbaycan Pariyasının qurulmasındakı xidmətlərini xüsusi vurğulayıb, bu gün həmin partiyanın Qadınlar Şurasına uğurla rəhbərlik etdiyini qeyd edib. DTX rəsmisi BSU-nun Azərbaycan mədəniyyətinin, elminin, tarixinin, dilinin dünyada təbliği istiqamətində ardıcıl addımlar atdığını diqqətə çatdırıb və bunun dövlət orqanları tərəfindən yüksək qiymətləndirdiyini qeyd edib.

Mərasimdə çıxış edən BSU rektoru Nurlana Əliyeva ona göstərilən diqqət və etimada görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, dövlət təhlükəsizlik orqanlarının ayıq-sayıq əməkdaşlarına dərin təşəkkürünü bildirib. O, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun dövlətimizin başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Yeni Azərbaycan Partiyasının bütün rəhbərliyi və üzvləri tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb, dövlətimizin nüfuzunun dünya arenasında gündən-günə yüksəldiyini qeyd edib. N.Əliyeva bundan sonrakı bütün həyatını Azərbaycan dövlətçiliyinin qüdrətlənməsinə və inkişafına sərf edəcəyini söyləyib.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə