Bayram günlərində işləyən əməkdaşlar mükafatlandırıla bilər BŞİH

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və struktur bölmələrinin işçiləri bayram günlərində xüsusi iş rejimində çalışıblar.

Bunu SİA-ya BŞİH-in Mətbuat xidmətindən İcra Hakimiyyətində və tabeli qurumlarda çalışanların martın 26-da qeyri-iş günündə işə çağırılmaları ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyiblər

Qeyd olunub ki, Novruz bayramı ilə əlaqədar ölkədə elan olunmuş 7 qeyri-iş günü ərzində Bakı Şəhər İcra Hakimiyyəti, onun struktur bölmələri, paytaxtın təsərrüfat və xidmət sahələrin işçiləri xüsusi iş rejimində çalışıblar:

"Bildiyiniz kimi bayram günlərində Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların təşkilatçılığı ilə paytaxtda və onun rayonlarında kütləvi bayram tədbirləri, müxtəlif konsert proqramları, bayram yarmarkaları təşkil olunub, bu il mərkəz ərazilərlə yanaşı, bir sıra qəsəbə və məhəllələrdə də bayram şənlikləri keçirilib".

Bildirilib ki, bayram şənlikləri və kütləvi tədbirlərin təşkili, şəhərin sanitar təmizliyinin yüksək səviyyədə saxlanılması, istirahət günlərində sakinlərimiz və qonaqlarımızı narahat edə biləcək hər hansı neqativ halların qarşısının dərhal alınması üçün Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, aparatın məsul nümayəndələri, eyni zamanda, paytaxt rayonlarının icra hakimiyyətlərinin aparatları, şəhərin təsərrüfat və digər xidmət sahələrinin işçiləri öz iş yerlərində birbaşa vəzifə borclarını yerinə yetiriblər və bu təbii bir haldır: "Novruz bayramı günlərində paytaxtdakı bütün tədbirlərin yüksək səviyyədə keçirilməsi təmin olunub, sakinlərimizi narahat edə biləcək problemlərin qarşısı alınıb. Məlumat üçün bildiririk ki, bayram günlərində iş yerində öz xidməti vəzifələrini həyata keçirən əməkdaşlara qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə istirahət günləri veriləcək və onların mükafatlandırılması məsələsinə baxılacaq. Bununla əlaqədar hansısa bir şəxsin narazılıq nümayış etdirməsi və bunun mətbuatda yayılması bizdə təəccüb doğurur".

Bütün xəbərlər Facebook səhifəmizdə