AZƏR QISMƏT Dövlətin son iki ayda sosial sahədə həyata keçirdyi tədbirlərdən 2 milyondan çox vətəndaş faydalanır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri, eləcə də Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı ölkədə sosial sahədə aparılan ardıcıl islahatların növbətisidir. Bunun üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrılır. Hər bir ölkənin gücü, qüdrəti vətəndaşının rihaf halı, yaşayış səviyyəsi ilə müəyyənləşir və bu baxımdan da aparılan siyasətin Azərbaycan modeli artıq dünyada nümunə kimi qəbul edilir. Çünki ölkədə dayanıqlı inkişaf və artan iqtisadi potensialın əsas hədəflərindən biri məhz, Azərbaycan vətəndaşı, onun rifahının daha da yaxşılaşdırılmasıdır. Son 15 ildə icra olunan sosial proqramlar, həyata keçirilən irimiqyaslı tədbirlər isə bir növ dediklərimizin əyani sübutudur. Belə ki, sözügedən dövr ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Yoxsulluq 50 faizdən 5,4 faizə düşüb. İşsizlik 5 faiz səviyyəsinə qədər endirilib və bu dünyada ən qabaqcıl ölkələrin göstəricisinə uyğundur. Prezident İlham Əliyevin "Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır," – strateji xətti şübhəsiz ki, bu istiqamətdə daha böyük perspektivlərin olacağına əminlik yaradır. Dövlət başçısınn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə xalqa təbrikiində sosial məsələlərin həllinə xüsusi yer ayırması bir daha göstərdi ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas prinsipləri şəffaflıq, əlçatanlıq və ünvanlılıqla müəyyənləşir. Bu isə o deməkdir ki, sözügedən siyasət cəmiyyətin bütün üzvləri, sosial təbqələrini əhatə edir. Başqa sözlə, reallaşan sosial proqramlar, icra olunan layihələr hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında ya birbaşa, ya da dolayısı ilə konkret ifadəsini tapır. Həmin layihələrin statistikası da göstərir ki, dövlət vətəndaşının sosial problemlərinin həllini əsas prioritetlərindən hesab edir və bu məqsədlə davamlı siyasət aparır. Faktlara nəzər salaq. Belə ki, son bir ildə: – qazlaşdırma 95%-ə çatdırılıb, içməli su və kanalizasiya layihələri ilə bağlı işlər davam etdirilib; – yeni böyük elektrik stansiyası – generasiya gücü 400 meqavat olan "Şimal-2" işə salınıb, eyni zamanda, bölgələrdə elektrik təsərrüfatının yenidən qurulub müasirləşdirilməsi istiqamətində böyük investisiya layihələri icra olunub; – 2 300 kilometr avtomobil yolları – həm magistral, şəhərlərarası, həm də kənd yolları çəkilib, şərti olaraq "40 yol" adlandırılan layihə çərçivəsində 600-dən çox kənd yolu tikilib; – 6 şəhərdə yeni rayon mərkəzi xəstəxanasının inşası başa çatdırılıb; – 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə cari təmir aparılıb; – son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3 100-dən çox məktəb istifadəyə verilib. Beləliklə, vətəndaşın üstün rifahını təmin etmək üçün təkcə bir il ərzində ölkədə kifayət qədər böyük iş görülüb və 2019-cu ildə bu tendensiyanın daha da güclənəcəyi gözlənilir. Prezidentin əhalinin bütün təbəqələrinin sosial problemlərinin həlli ilə bağlı vediyi mesajlar da dediklərimizin təsdiqidir. Məhz ölkədə həyata keçirilən geniş məzmunlu sosial siyasətin xarakterik cəhətlərindən biri də dövlət qayğısına ehtiyacı olan vətəndaşların dəstəklənməsi, əlil və şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsini gücləndirilməsi ilə müəyyənləşir. Əlbəttə, ölkənin iqtisadi potensialı artıqca vətəndaşın həyat şəraiti yaxşılaşır, rifahı daha da yüksəlir. Pensiya və müavinət, əmək haqlarının artımı, dövlət qayğısına ehtiyacı olan minlərlə ailənin mənzillə təmini, yaxud sosial mənzillərin tikintisi ilə bağlı atılan addımlar da bunu aydın göstərir. Başqa sözlə, artan iqtisadi potensialin sosial sahəyə əlavə dinamizm gətirəcəyi tam aydındır və 2019-cu ilin dövlət büdcəsində sosial yönümlü xərclərin 35%-ə çatdırılması da mövcud reallığı əks etdirdi. Xüsusilə, bu böyük vəsait tələb edən elm, təhsil, səhiyyə və sosial təyinatlı digər layihələrə dövlətin güclü himayəsi, artan maliyyə dəstəyi fonunda daha aydın görünür. Xatırlayırsınızsa, 2019-cu ildə digər sosial proqramlarla yanaşı, əvvəlki illə müqayisədə: – təhsil sahəsində 11,8%; – səhiyyə sahəsində 42%; – sosial təminat sahəsində 12%-dən yuxarı; – elm sahəsində 6%; – mədəniyyət və turizm sahəsində 12%-ə yaxın artım gözlənilir; – Dövlət Sosial Müdafi Fondunun gəlirləri və xərcləri isə bərabər olaraq 3 milyard 928 milyon manatdan çox proqnozlaşdırılmaqla təsdiqlənib. Beləliklə, bu il üçün nəzərdə tutulan planlar bir daha Azərbaycan dövlətinin sosial mahiyyətini ortaya qoyur. Hədəf isə Azərbaycan insanının hərtərəfli inkişafı, onun həyat tərzinin ən yüksək səviyyədə təmin olunmasıdır. Artıq 2019-cu ilin ilk günündən bu istiqamətdə mühüm yeniliklər və ciddi nəticələrin şahidi oluruq. Bu da vətəndaş rəğbətini daha da artırır.

Bütün xəbərlər Facebook səhifəmizdə