Belçikada Novruz bayramı qeyd edilib

Azərbaycan, Mərkəzi Asiya ölkələri, Əfqanıstan, Türkiyə və İran nümayəndələri Belçikada Novruz bayramını birgə qeyd ediblər. Azərbaycanın Belçikadakı səfirliyindən SİA-ya verilən məlumata görə, Brüssel İncəsənət Sarayında (BOZAR) bayramla əlaqədar tədbir keçirilib. Tədbirdə YUNESKO təmsilçisi Krista Pikkat Novruz bayramının region dövlətləri üçün əhəmiyyətini vurğulayıb, nəsildən-nəslə ötürülən ənənələrdən bəhs edib. Daha sonra hər bir iştirakçı dövlətin mədəniyyətini əks etdirən konsert proqramları təqdim olunub, stendlər nümayiş etdirilib. Azərbaycan mərasimdə milli rəqs qrupu ilə təmsil olunub. Qrup tərəfindən əsas səhnədə, eləcə də stendlər quraşdırılmış zalda milli rəqslər ifa olunub və qonaqlar tərəfindən maraqla qarşılanıb. Azərbaycana aid stenddə Novruz bayramı üçün xarakterik olan şirniyyat məhsulları təqdim olunub, bayram ənənələrinə xas olaraq Novruz xonçası, Azərbaycanın mədəniyyətini, tarixini və milli mətbəxini əks etdirən broşürlər paylanılıb. Novruz şənliyində TÜRKSOY-un təşkilatçılığı ilə bu quruma üzv ölkələrin nümayəndələri ümumi mədəni proqramla da çıxış ediblər. Bu çərçivədə, Azərbaycandan dəvət olunmuş "Cəngi" rəqs ansamblının təmsilçiləri tərəfindən də milli rəqslər ifa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə