Məktəblilər Quba-Qusar-Xaçmaz rayonlarına yola salınıb FOTOLAR

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası çərçivəsində martın 23-də Şuşa rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 20 məktəbli Quba-Qusar-Xaçmaz rayonlarına yola salınıb. SİA-nın verdiyi məlumata görə, Şuşa Rayon İcra Hakimiyyətinin binasından təşkil olunan yolasalma mərasimində rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlər iştirak ediblər.

Məktəblilərə məlumat verilib ki, tur-aksiya zamanı onlar bölgənin tarixi abidələri, istehsal müəssisələri ilə tanış olacaq, rayonların sosial, mədəni həyatı barədə əyani şəkildə məlumatlandırılacaqlar. Vurğulanıb ki, aksiyanın əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsinə xidmət etməkdir.

Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini veriblər.

Sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Quba- Qusar- Xaçmaz marşrutu üzrə yola düşüblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...