Əli Əhmədov pansionatda yaşayan ahıl insanlarla görüşüb FOTOLAR

Bu gün Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və hakim partiyanın nümayəndələri Novruz bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatına baş çəkiblər. SİA-nın verdiyi məlumata görə, YAP-ın Sədr müavini pansionatda yaşayan ahıl insanlarla görüşüb.

Pansionatın sakinləri qarşısında çıxış edən Baş nazirin müavini onları Novruz bayramı münasibətilə təbrik edib. Baş nazirin müavini bildirib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev ehtiyacı olan şəxslərə xüsusi diqqət və qayğı ilə yanaşır. Onların rahat yaşaması, ehtiyaclarının ödənilməsi üçün lazımi addımlar atılır.

Azərbaycanın son illər qazandığı genişmiqyaslı uğurlardan danışan Ə.Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası əhalinin müxtəlif təbəqələrinin nümayəndələri ilə, o cümlədən ahıl insanlarla, qocalar evində yaşayanlarla mütəmadi görüşlər keçirir.

Pansionat sakinləri də çıxış edərək respublika rəhbərliyinin onlara göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün ölkədə aparılan geniş quruculuq işləri onları da sevindirir, fərəhləndirir.

Daha sonra pansionat sakinlərinə Yeni Azərbaycan Partiyasının bayram sovqatı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə