ADPU-da Soltan Hacıbəyovun 100 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Prezident İlham Əliyevin Azərbaycanda “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamının icrası ilə bağlı silsilə tədbirlər keçirilir. Növbəti tədbir görkəmli bəstəkar, ictimai xadim, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr olunub.

ADPU-dan SİA-ya bildirilib ki, rektor Cəfər Cəfərov görkəmli bəstəkarın yaradıcılığından söz açıb. Qeyd edib ki, müasir musiqi mədəniyyəti xəzinəmizə misilsiz töhfələr vermiş Soltan Hacıbəyov milli musiqi sənətində aparıcı simalardan biridir. Bəstəkarın özünəməxsus orijinal yaradıcılığı ölkəmizdə və onun hüdudlarından kənarda şöhrət qazanıb. O, Azərbaycanın musiqi klassikləri Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin ənənələrinə sadiq qalaraq Azərbaycan simfonik musiqisinin inkişafında mühüm rol oynayıb. Soltan Hacıbəyov ilk milli baletin müəllifi kimi tanınıb. Onun bir çox əsərləri respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Bəstəkarın “Karvan” simfonik lövhəsi respublikamızın hüdudlarından kənarda səsləndirilib və bu gün də müəllifinə şöhrət gətirir. “Gülşən” baleti SSRİ Dövlət mükafatına layiq görülüb.

Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə bəstəkarın ictimai fəaliyyətindən bəhs edib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Gülnar Verdiyeva Soltan Hacıbəyovun yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən danışıb.

Sonra Soltan Hacıbəyovun gəlini, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Tədbir bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...