Flaminqo görmək istəyən Qızılağac Milli Parkına gəlsin DƏVƏT

Təbiətin nadir incisi olan və Azərbaycana əsasən qışlamağa gələn flaminqonu görmək istəyən bütün təbiətsevərləri Qızılağac Milli Parkına dəvət edirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda Qızılğac Milli Parkında 3000-4000 flaminqo qışlayır.

Köçəri və nadir növ olan flaminqo Afrikadan başlayaraq, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərinə qədər yayılıb. Azərbaycanda Lənkəran, Kür-Araz, Samur-Dəvəçi ovalıqlarının su hövzələrində, Böyük Qızılağac körfəzində, Xəzərin sahil sularında, Naxçıvanda isə Araz çayı sahillərində yayılıb.

Ən stabil qışlama yerləri Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin iri gölləridir.

Flaminqo koloniya halında yaşayır və yuvasını bitki, heyvan qalıqlarından, yaş torpaqdan qurur.

Qeyd edək ki, flaminqo Azərbaycanda nadir hallarda yuvalayır. 1955-ci ildə Salyan rayonunda Ağ-çala gölündə, 1982-ci ildə isə Qızılağac körfəzində kütləvi yuvalaması müşahidə edilib.
Hər il Azərbaycana qışlamaq üçün orta hesabla 16000-18000-ə yaxın flaminqo gəlir. Flaminqo növünün qorunub saxlanması məqsədilə Qızılağac, Şirvan, Abşeron və Ağgöl Milli Parkları və su-bataqlıq ərazilərində yasaqlıqlar təşkil edilib. Flaminqo Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilib və ovlanması qadağandır.
Bildiririk ki, Qızılağac Milli Parkı Xəzər dənizinin cənub-qərb sahilində Bakı şəhərindən 180 km məsafədə, Lənkəran şəhər, Masallı və Neftçala rayonlarının inzibati ərazisində yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...