Milli Məclisin deputatı hərbi hissədə bayram tədbirində

Gədəbəy rayonu “N” saylı hərbi hissəsində Novruz bayramı münasibətilə tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə 103 saylı Gədəbəy seçki dairəsi üzrə Milli Məclisin deputatı Sevinc Hüseynova, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Bayram tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı İ.Mustafayev, millət vəkili S.Hüseynova, hərbi hissə komandiri və digər rəsmi nümayəndələr çıxış edərək Azərbaycan Respublikasının dövlət rəhbərliyinin başqa sahələrdə olduğu kimi, silahlı qüvvələrimizin möhkəmlənməsində də yüksək dəstəyindən söz açıblar. Həmçinin, son illərdə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və qorunmasında silahlı qüvvələrimizin xüsusi rolundan bəhs olunub.

Bununla yanaşı, milli vətənpərvərlik duyğusunu öndə tutan əsgər və qəhrəmalarımızın rəşadətindən bəhs edən natiqlər, bu sahədə Gədəbəy rayonun qəhrəmalarından da fəxr və qürurla danışıblar. Çıxışçılar Azərbaycan əsgərlərinin simasında sözügedən hərbi hissənin şəxsi heyətinə bayram təbriklərini də çatdırıblar.

Sonra hərbi hissənin şəxsi heyətinə bayram sovqatı və hədiyyələr təqdim olunub. Bayram tədbiri Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə təşkil edilmiş konsert proqramı ilə davam edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə