TÜRKPA Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib

Martın 16-da Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyində Novruz bayramı münasibətilə tədbir keçirilib. TÜRKPA Katibliyindən verilən məlumata görə, tədbirdə Milli Məclisin qurumda təmsil olunan deputatları Əhliman Əmiraslanov, Hikmət Babaoğlu, Nizami Cəfərov, Cavanşir Feyziyev, Şəmsəddin Hacıyev, İlham Əliyev və digər qonaqlar iştirak ediblər.

TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov çıxış edərək çoxəsrlik tarixi olan Novruz bayramının türkdilli ölkələrdə yüksək səviyyədə qeyd olunmasının əhəmiyyətini vurğulayıb və Novruzun sülh və əmin-amanlıq, sabitlik rəmzi olduğunu bildirib. Baş katib görüşdə iştirak edən hər kəsə təşəkkür edib, Novruz bayramı münasibətilə təbrik edib və TÜRKPA Katibliyinin bu kimi tədbirlərə ev sahibliyi etməyə daim hazır olduğunu söyləyib.

Tədbirdə çıxış edən TÜRKPA-da Milli Məclisin nümayəndə heyətinin üzvlərindən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Novruzun türk xalqlarının ortaq bayramı olduğunu vurğulayıb. Qeyd edib ki, baharın gəlişi və təbiətin oyanışı ilə əlaqədar qeyd olunan bu bayram türkdilli ölkələr arasında dərin tarixi və mədəni bağlardan xəbər verir. Onun sözlərinə görə, Novruz qardaşlıq, birlik və mənəvi saflıq rəmzi olaraq xalqlarımızın zəngin adət-ənənəsini nümayiş etdirir.

Novruzun türk xalqlarının ümumi mədəni dəyəri olduğunu qeyd edən Milli Məclisin deputatı Nizami Cəfərov bu bayramın insanlara sevinc, xoşbəxtlik və nikbin əhval-ruhiyyə gətirdiyini bildirib. O, Novruzun qeyd edilməsinin milli dəyərlərə sadiqlik və onların gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyətini vurğulayıb. Novruz bayramını ulu əcdadların türk xalqlarına gözəl yadigarı kimi qiymətləndirən millət vəkili bayramın qəlblərdə saf duyğular oyatdığını, səmimiyyət və mehribanlıq hissləri yaratdığını qeyd edib.

Tədbirdə digər çıxış edən natiqlər də türkdilli xalqları bir-birinə bağlayan bu qədim bayramın kökləri, tarixi və əhəmiyyəti barədə fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə