Qarölçmə işləri respublika ərazisində 4 istiqamət üzrə aparılıb

Respublikanın yüksək dağlıq ərazilərində 4 istiqamətdə aparılmış qarölçmə işləri başa çatıb. SİA-nın verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov bildirib.

Ə.Əsgərov deyib ki, hər il yaz-yay gursululuq dövründə çayların axımının proqnozlaşdırılması məqsədilə mart ayında Böyük və Kiçik Qafqazın çay hövzələrində qar ehtiyatları hesablanır. Qarölçmə işləri respublika ərazisində 4 istiqamət üzrə əvvəlcədən müəyyən edilmiş 23 qarölçmə marşrutunda aparılıb və müvəffəqiyyətlə tamamlanıb.

Ekpedisiya qrupunun rəhbəri Asif Verdiyev bildirib ki, qarölçmə marşrutları Böyük və Kiçik Qafqazda müvafiq olaraq 580–2920 m və 1000-3000 m yüksəklikləri əhatə edib. Qarölçmə işləri zamanı çay hövzələrində xüsusi marşrutlar üzrə qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı və sululuğu təyin olunub.

A.Verdiyev əlavə edib ki, hazırda bütün marşurutlar üzrə hesablama işləri aparılır. Hesablama işləri başa çatdıqdan sonra qar ehtiyatları və gursululuq dövründə fəsillik hava proqnozu haqqında məlumatlara əsaslanaraq gursululuq dövründə respublikanın iri su anbarlarına (Şəmkir, Mingəçevir, Araz və s.) Kür, Araz və Qanıx tranzit çayları ilə daxil olacaq axımın və yerli dağ çaylarının sululuğunun proqnozu tərtib edilərək müvafiq qurumlara təqdim olunacaq: "Hər il hazırlanan yaz gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu müxtəlif məqsədlərlə sudan istifadədə, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın, su təchizatının balanslı təşkil edilməsində böyük əhəmiyyətə malikdir".

Ekpedisiya qrupunun rəhbəri ilkin məlumatlara əsasən bildirib ki, bu il Kiçik Qafqazda - Daşkəsən və Göygöl rayonlarında qar ehtiyatı ötən ilə nisbətən çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə