Elçin Quliyev yenidən ARAF-ın prezidenti seçilib FOTOLAR

Bu gün Azərbaycan Respublikası Atçılıq Fede-rasiyasının (ARAF) növbəti Ümumi Yığıncağı keçirilib. Federasiyanın mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, yığıncaqda Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Çingiz Hüseynzadə, ARAF İdarə Heyətinin üzvləri və 100-ə yaxın federasiya üzvü iştirak edib.

Ümumi yığıncağın əvvəlində son illər ərzində Azərbaycan Respublikasında atçılığın tərəqqisinə, beynəlxalq yarışlarda qazanılmış uğurlara həsr olunmuş sənədli film nümayiş olunub. Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Çingiz Hüseynzadənin giriş sözündən sonra federasiyanın baş katibi Bəhruz Nəbiyev 2009-cu ildən etibarən federasiya tərəfindən görülmüş işlərlə bağlı geniş məruzə edib.

Federasiyanın vitse-prezidenti Mahir Muradov son 5 il ərzində atçılığın konkur növü üzrə görülmüş işlər barədə, Federasiyanın vitse-prezidenti Elşad Abbasov son 5 il ərzində cıdır üzrə görülmüş işlər barədə, Federasiyanın idarə heyətinin üzvü Bəsirət Quliyev Milli at cinsləri və Milli atüstü oyunlarla bağlı məruzələr ediblər.

Daha sonra Federasiya prezidentinin seçkiləri keçirilib, Elçin İsağa oğlu Quliyev Ümumi Yığıncaq üzvlərinin maksimal səs çoxluğu ilə növbəti 5 il müddətinə yenidən ARAF-ın prezidenti seçilib.

Ümumi Yığıncağın qərarı ilə ARAF-ın 1-ci vitse-prezidenti vəzifəsinə Mahir Muradov, vitse-prezident vəzifələrinə Elşad Abbasov, Bəsirət Quliyev, Sakit Məmmədov, Bəhruz Nəbiyev seçilib və idarə heyətinin üzvləri təsdiq olunublar.

Səsvermədən sonra ARAF prezidenti Elçin Quliyev çıxış edib, göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib, gələcək planlar və görüləcək işlər haqqında geniş məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində milli atçılığın böyük inkişaf yolu keçməsi xüsusi vurğulanıb, ARAF-ın fəaliyyəti dövründə əldə olunmuş uğur və nailiyyətlər, Qarabağ və Dilbaz milli at cinslərinin qorunması və təbliğatı üçün görülən işlər haqqında geniş məlumat verilib, milli atçılığın inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər ətraflı şərh olunub.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın dəstəyi ilə Çövkən Milli Atüstü Oyununun 2013-cü ildə UNESCO-nun təxirəsalınmaz qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınmasının milli atçılığın inkişafı üçün xüsusi əhəmiyyəti vurğulanıb.

Son illər ərzində atçılıq idmanı sahəsində əldə olunmuş əsas nailiyyətlər sırasında aşağıdakılar qeyd olunub:

 2009-cu ildən etibarən ölkəmizdə atçılığın konkur növü üzrə beynəlxalq turnirlərin təşkilinə başlanılması və ildən-ilə bu turnirlərin sayının əhəmiyyətli dərəcədə artması;
 2010-cu ildən etibarən cıdır yarışlarının keçirilməsi;
 2010-cu ilin mart ayında 1-ci Milli Atçılıq Festivalı çərçivəsində çövkən üzrə ilk Respublika Çempionatını təşkil edilməsi və bu turnirlərin ənə-nəvi olaraq təşkil olunması;
 2012-ci ildən başlamaqla 3 dəfə Böyük Britaniya Kraliçası İİ Elizabetin şərəfinə təşkil olunan təntənəli atçılıq tədbirlərində Qarabağ atlarının möhtəşəm şou proqramlarının nümayiş etdirilməsi;
 2013-cü ilin sentyabr ayında “Polo vətənə qayıdır” devizi ilə ölkə əra-zisində ilk beynəlxalq arena polo yarışının, 2014-cü ildə “Polo vətəni tanıdır” devizi ilə növbəti arena polo üzrə Dünya Kuboku turnirinin təşkil olunması;
 2014-cü ildə Beynəlxalq Atçılıq Federasiyasının növbəti Baş Assambleyasının Bakı şəhərində keçirilməsi;
 2015-ci ildə Azərbaycanın Polo üzrə Milli Komandasının Avropa Çempionu tituluna sahib olması, Avropa Çempionatından sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ARAF rəhbərliyini və polo komandasını üzvlərini qəbul etməsinin, onları təbrik etməsinin, tapşırıq və tövsiyələr verməsinin idmançıları daha yüksək qələbələrə ruhlandırması;
 2018-ci ildə Azərbaycan Milli Polo Komandasının İtaliyanın Siene şəhərində keçirilən Avropa Çempionatında gümüş medalın sahibi olması;
 2018-ci və 2019-cu illərdə Azərbaycan poloçularının İsveçrənin Sankt Moritz şəhərində keçirilən Qar Polosu üzrə Dünya Kuboku turnirlərində iştirak etməsi və hər iki yarışın 3-cüsü olması;
 2020-ci ildə 8 komanda arasında keçiriləcək Polo üzrə Avropa Çem-pionatına Bakı şəhərinin ev sahibliyi etməsi barədə qərarın qəbul olunması;
 2015-ci il 1-ci Avropa Oyunlarında, 2017-ci il İslam Oyunlarında, 2018-ci il Cumhuriyyətin 100 illiyinə həsr olunmuş parad və digər tədbirlərdə yüksək səviyyəli iştirakın təmin olunması.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...