Dağistan Xalq Məclisinin sədri Lənkəranda olub

Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovun başçılıq etdiyi nümayəndə heyəti martın 13-14-də Lənkəranda tanışlıq səfərində olub. Səfər çərçivəsində hörmətli qonaq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğu, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında hər iki dövlət başçısının qarşılıqlı rəsmi səfərlərinin və görüşlərinin böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Tərəflər Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycanla Dağıstan arasında mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı anlaşmanın bir çox sahələrdə sürətlə inkişaf etdiyi, Dağıstan və Azərbaycan xalqlarının əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqları vurğulanmaqla, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Xızrı Şıxsəidov nümayəndə heyəti adından səmimi qəbula və qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını çatdırıb.

Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidov və onu müşaiyət edən nümayəndə heyəti Lənkəranda olduqları müddətdə Lənkəran Olimpiya İdman Kompleksinə, Lənkəran İstisu Müalicə Sanatoriyasına, Xalça Fabrikinə, “Yaşıl çay” fermer təsərüfatına, “Hallabonq” sitrus plantasiyasına baş çəkərək görülən işlərlə və yaradılmış şəraitlə yerindəcə tanış olublar.

Sonra Dağıstanlı qonaq Lənkəran şəhərini gəzərək Heydər Əliyev xatirə parkına, Qala Xiyabanına, tarix diyarşünaslıq müzeyi yerləşən Xan evinə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun adını daşıyan parka, qədim Mayaka, Azərbaycanlıların soyqırımı abidə-kompleksinə və digər görməli yerlərə baxmış, şəhərin mərkəzindəki “Boranı” restoranında Novruz bayramı şirniyyatları ilə bəzədilmiş çay stolu arxasında xoş təəssüratlarını bölüşüşlər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə