Səbail rayonunda çoxmənzilli binanın sakinlərinə çıxarışlar təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 2019-cu il 19 fevral tarixli Fərmanı ilə istismara qəbul olunmamış, lakin tikintisi başa çatdırılmış 400-ə yaxın binanın sakinlərinin problemlərinin həlli istiqamətində konkret addımlar atılır.

Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədini daşıyır. Bu məsələ 2019-cu il yanvarın 1-dək tikilən, tam təhvil verilən, istismara qəbul edilməyən və faktiki olaraq sakinlərin yaşadıqları binalara şamil olunur.

AZƏRTAC xəbər verir ki, martın 15-də Bakının Səbail rayonunun Abbasquluzadə küçəsi, 17 ünvanında “İdeal” MTK tərəfindən inşa edilən hündürmərtəbəli, çoxmənzilli binanın sakinlərinə çıxarışların təqdim olunması Prezident İlham Əliyevin məlum Fərmanının icrası istiqamətində atılan növbəti addımdır. Binanın sakinlərinə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən çıxarışlar onların, sözün əsl mənasında, böyük sevincinə səbəb olub.

Mərasimdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev jurnalistlərə müsahibəsində qeyd edib ki, Prezident İlham Əliyev vətəndaşları narahat edən bütün problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq addımlar atır. Həmin addımlar müxtəlif fərman və sərəncamlarda öz təsdiqini tapır. Bu istiqamətdə görülən işlərdən biri də cari il fevralın 19-da dövlətimizin başçısı tərəfindən imzalanmış Fərmandır. Bu Fərman həm də istismara qəbul olunmayan binaların rəsmi olaraq istismara qəbulunu nəzərdə tutur. Bu gün həmin binalardan beşi artıq rəsmi olaraq istismara verilib. Bu, həmin binaların sakinləri üçün çox yaxşı xəbərdir.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, bu gün çıxarış verilən binada təqribən 561 mənzil var. Bu mənzillərin 50 faizindən çoxu istismar olunur. Fərmanın da əsas məqsədi uzun müddət istismar edilən binalarda vətəndaşlar tərəfindən sənədləşmə prosesinin tamamlanması və rəsmi olaraq dövlət tərəfindən tanınmasıdır.

F.Mustafayev vurğulayıb ki, Əmlak Məsələləri Dövlət Komitəsi həmin Fərmanın icrasına əsasən səyyar çıxarış xidməti təşkil edib. Burada vətəndaşların ərizələri qəbul edilir.

Qeyd olunub ki, Fərmanda iki ay ərzində Fövqəladə Hallar Nazirliyi, “Azərişıq” ASC, “Azəriqaz” İB və “Azərsu” ASC tərəfindən yoxlamaların aparılması nəzərdə tutulub. Bu müddət ərzində FHN binaların dayanıqlılığını, lift təsərrüfatının olub-olmamasını və yanğından mühafizə məsələlərini yoxlayır və onlar haqqında rəy tərtib edir. Həmin rəy iki gün ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və eyni zamanda, yerli icra hakimiyyətlərinə göndərilir. Nəticədə binalar istismara qəbul olunur.

“Ümumilikdə hazırlanan siyahıdakı binalarda 70 minə yaxın istismar edilməyən mənzil var. Həmin mənzillərin 70 faizi artıq məskunlaşıb. Prezident İlham Əliyev tərəfindən həyət evləri ilə bağlı da tapşırıq verilib. Biz hazırda bu məsələləri araşdırırıq”, - deyən Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, dövlətimizin başçısı vətəndaşları narahat edən problemləri aradan qaldırır. Biz bu məsələlərlə bağlı işçi qrupu yaradaraq yaxın zamanda Prezidentə öz təkliflərimizi verəcəyik.

Tədbirdə iştirak edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, komitə vətəndaşlardan sənədlərini mobil ofisləri vasitəsilə qəbul edir. Ən qısa zamanda həmin mənzillərin vətəndaşların adına qeydiyyatını keçirib hazır çıxarışları da qısa müddətdə elə bu ünvanda onlara təqdim edəcəyik. Vətəndaşların arzusundan asılı olaraq, çıxarışları elektron şəkildə də hazırlaya bilərik. Biz mobil ofislərimiz vasitəsilə vətəndaşlara yaşadıqları ünvanlarda xidmət göstərəcək və çıxarışları hazırlayıb onlara təqdim edəcəyik.

Binanın sakinləri Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar xidmət avtobusuna daxil olur, qısa zamanda çıxarışlarını alıb dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edirdilər. Vurğulayırdılar ki, çıxarışsız mənzillərdə yaşamaq onlar üçün problemlər yaradırdı. Prezidentimizə minnətdarıq ki, bizim bu çətinliyimizə son qoydu.

Bütün xəbərlər Facebook səhifəmizdə