Azərbaycan Ordusunun işğalçını cəzalandırması an məsələsidir

Lələtəpədə qaldırılan üçrəngli bayrağımız az keçməz işğal altında olan digər ərazilərimizdə qaldırılacaq

Bu gün hansı bölgədə və məkanda yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının bir amalı və bir hədəfi var - Dağlıq Qarabağın məkrli düşməndən azad edilməsi üçün birlik və bərabərlik nümayiş etdirsin. Biz bu birliyə hər vasitə ilə nail olmalıyıq. Ötən əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini əldə etsə də, çox ciddi problemlərlə üzləşmişdi. Moskvanın vassalı olan Ayaz Mütəllibovdan sonra hakimiyyəti zəbt etmiş AXC- Müsavat cütlüyüynün səriştəsizliyindən, idarəetmədə bacarıqsızlığından istifadə edən ermənilər torpaqlarımızı işğal edib, şəhər və kəndlərimizi dağıtdı, yüz minlərlə insanı ev-eşiyindən didərgin saldı. 1992-ci il mayın 8-də Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün Yuxarı Qarabağ işğal edildi. 1992-ci il mayın 17-də Laçın şəhəri də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Beləliklə, "öz müqəddəratını tə'yin etmək" ideyasını reallaşdırmaq məqsədilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanla birləşdirən dəhliz silah gücünə ələ keçirildi. Laçının işğalı müharibənin Dağlıq Qarabağ sərhədlərindən çıxdığını və Ermənistanın hərbi işğalçılıq niyyətinin böyük olduğunu göstərdi. Ermənilərin "humanitar dəhliz" adlandırdığı bu yol ilə Dağlıq Qarabağa külli miqdarda silah, döyüş sursatı və hərbi qüvvə gətirildi. Nəticədə, 1993-cü il ərzində Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağ bölgəsinin (4,4 min km) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali (ümumi əhalinin 15%-i) öz torpağında qaçqın vəziyyətinə düşdü, 900-ə yaxın yaşayış məntəqəsi dağıdıldı, talan edildi və yandırıldı. Hazırda Azərbaycan ərazisinin 20 %-dən çox (17 min km) hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən dəhşətli soyqırımı 1992-ci il fevralın 25-dən 26 - na keçən gecə erməni silahlı dəstələrinin Xocalı şəhərində törətdiyi soyqırımı olmuşdur. Xocalı soyqırımı XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima soyqırımlarından da dəhşətli olmuşdur. Bir gecənin içərisində Qədim Xocalı yerlə yeksan edilmişdir. Azğın, yırtıcı xislətli erməni terrorçularının Azərbaycanın ərazilərini işğal edib, insanları qəddarcasına məhv etməsinin qarşısı yalnız Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın çağırışı ilə hakimiyyətə gəlişindən sonra qarşısı alındı.

Uğurlu Horadiz əməliyyatı

Azərbaycan Ordusu Dahi Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-də və 6-na keçən gecə keçirdiyi uğurlu əməliyyatla, Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1 yaşayış məntəqəsini erməni işğalçılarından azad edib. Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlayıb, 1994-cü il 6 yanvar tarixinə kimi davam edib. O zaman Azərbaycan Milli Ordusu Horadizi işğaldan azad edərək, qəsəbədə asılmış erməni bayrağını ayaqlar altına atdı. Ağır faciələrə, məşəqqətlərə düçar olacağını anlayan ermənilər himayədarlarını vasitəçi-minnətçi rolunda meydana çıxarmaqla, 1994-cü ilin mayın 12-də cəbhədə atəşkəsə nail olundu. Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə nizamlanması məqsədi ilə Ulu Öndər Heydər Əliyevin qətiyyəti, əzmkarlığı və gərgin fəaliyyəti sayəsində cəbhədə atəşkəs haqqında razılıq əldə edildikdən sonra ATƏT-in Minsk Qrupu çərçivəsində, müntəzəm olaraq, danışıqlar aparılmağa başlandı. Bundan sonra, Azərbaycanda, bütün sahələrdə olduğu kimi, həm də ordu quruculuğunda geniş və hərtərəfli işlər görülməyə başlanıldı. Dahi Öndərimiz Heydər Əliyev ölkəmizin təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır. İşğalçı ölkə ərazilərimizdə vandalizm aktları törədir, mədəniyyət nümunələrini dağıdır. Bununla da, ən vəhşi xalq və dövlət olduğunu nümayiş etdirir. "Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində üçüncü tərəflərin həyata keçirdiyi iqtisadi və mədəni tədbirlərin verdiyi ziyanların beynəlxalq hüquq müstəvisində dəyərləndirilməsi ilə bağlı mövzular müzakirə edilir".

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O, qeyd edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından iqtisadi cəhətdən faydalanır: "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının zəngin sərvətindən istifadə edir. Bu sərvətlər tamamilə Azərbaycana məxsusdur. Bu, qeyri-qanuni fəaliyyətin qarşısının alınması üçün hüquqi yönlər müzakirə olunur, ekspertlər öz fikirlərini bildirirlər".

Xarici güclər münaqişənin həllinə ikili yanaşma nümayiş etdirir

Məlum olduğu kimi, Dağlıq Qarabağ probleminin ən fəal və başlıca aktorlarından biri Rusiyadır. Münaqişənin yaranmasının tarixi səbəbkarı olan Rusiya bu gün onun həlli istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun həmsədridir. Ekspertlər o qənaətdədir ki, Rusiya öz vassalı Ermənistana təsir edərsə, işğalçı Azərbaycan torpaqlarını azad edər.BMT Təhlükəsizlik Şurasının Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçən "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusundakı iclasında dövlət başçımız dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi kimi problemlərin həllində əlbir fəaliyyət göstərməyə çağırmışdı: "Əminəm ki, terrorçuluğa qarşı mübarizənin aparılması işində bütün səylərimizi birləşdirməliyik. Terrorçuluğun hazırkı siması və onun beynəlxalq sülh və sabitliyə təhlükə olan digər hədələrlə bağlılığı dövlətlər arasında daha sıx əməkdaşlığı, o cümlədən, BMT-nin daha yaxşı, əlaqələndirilmiş, ahəngdar və sistemli yanaşmasını tələb edir. Bununla belə, dövlətlər arasında münaqişələrin olması, xarici hərbi təcavüz və təcavüzkar separatizm terrorçuluq üçün münbit şərait yaradır. Buna görə, beynəlxalq ictimaiyyət beynəlxalq hüququn ümumi qaydada qəbul edilmiş normaları və prinsipləri əsasında münaqişələrin, xüsusən ərazi bütövlüyünün təmin edilməsi və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına aid məsələlərin həllinə çalışmalı və ölkələrə öz əraziləri üzərində suverenliyin bərpa edilməsinə yardım etməlidir". Məsələnin həlli ilə bağlı digər mühüm aktor ATƏT-in həmsədrlərindən biri, hazırda dünyada superdövlət səviyyəsinə yüksəlmiş Amerika Birləşmiş Ştatlarıdır. ABŞ əvvəlki kimi, Dağlıq Qarabağ münaqişəsi tərəflərinə problemin dinc həlli yollarının axtarışına kömək etməyə sadiqdir. ABŞ Dövlət Departamentində qeyd olunub ki, Birləşmiş Ştatlar həmsədr kimi, tərəflərə Dağlıq Qarabağ münaqişəsinin dinc və davamlı həlli yollarını tapmağa kömək etmək işinə sadiq olaraq qalır.

Cocuq Mərcanlının azad edilməsi ilə Qarabağa böyük qayıdışın əsası qoyuldu

Söz yox ki, Azərbaycanın güclü və qüdrətli Ordusu işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir. Ordumuz bunu fakt olaraq 2016-cı il aprel zəfəri ilə nümayiş etdirdi. Hərbi əməliyyatlar zamanı işğalçı Ermənistana məxsus 30 tank, 15-ədək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib. Düşmənin 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb. Dördgünlük müharibədən sonra münaqişənin həlli istiqamətində danışıqlar intensivləşsə də, təəssüf ki, Dağlıq Qarabağ problemi hələ də həll olunmamış qalır. Bununla belə, aprel döyüşləri Azərbaycana ciddi siyasi dvidendlər gətirib. Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. "Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir". Bu fikri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib. Ermənistanın aprel döyüşlərində öz acı məğlubiyyətini etiraf etməyə məcbur olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Məhz aprel döyüşlərindən sonra, Ermənistanın müdafiə naziri başda olmaqla, bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz və zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir".

Azərbaycan əsgərinin şücaəti, şanlı zəfəri sayəsində tarix yazan dördgünlük aprel döyüşlərindən bir il ötür. Xalqımız bu tarixi qürurla anır və qəhrəman oğullarımızı fərəhlə yad edir. Çünki bu qələbə bizləri Qarabağa səsləyən növbəti qələbələrin müjdəçisidir. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı. Xüsusilə, erməni işğalçıları tərəfindən işğal olunmuş torpaqlarımızın 2000 hektar ərazisi Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra ölkə başçısının cəbhəyanı bölgələrə səfər etməsi və əsgərlərimizlə, zabitlərimizlə görüşməsi, orada yaşayan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olması bir daha xalqımızın mənfur düşmən üzərində əldə edəcəyi növbəti qələbələrə inamını artırdı. Bu baxımdan, dövlətimizin başçısının aprel döyüşlərinin bizim şanlı qələbəmiz olduğunu vurğulaması bu qələbələrin davamlı olacağına, bir qarış torpağımızın belə düşməndə qalmayacağına dair verdiyi mesaj kimi qiymətləndirilməlidir. Cocuq Mərcanlının azad edilməsi ilə 27 ildən sonra bu ərazidə həyat öz axarına qayıtdı. Artıq kəndə qələbəlikdir. Xüsusi ilə də, bu il Novruz bayramı ilə əlaqədar tonqallar qalanır, səmənilər tutulur, insanlar sevinclə bir-birinin bayramını təbrik edir. Söz yox ki, Cocuq Mərcanlıdan başlayan böyük qayıdış Ağdamda, Şuşada, Laçında, Zəngilanda və digər ərazilərimizdə də davam etdiriləcək. O gün heç də uzada deyil.

МURAD MAHМUDOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim etmək üçündür

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...