Test imtahanına qeydiyyat bu gün başa çatır

Martın 17-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq. İmtahana qeydiyyat bu gün saat 17:00-də başa çatır.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”ləriniyaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Xatırladaq ki, Dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, AA vəzifə qrupu üzrə 56 yer, AB vəzifə qrupu üzrə 419, AC vəzifə qrupu üzrə isə 1033 yer vakantdır. Vakant yerlər AC vəzifə qrupunda daha çoxdur. Vakant yerlər arasında kifayət qədər yüksək vəzifələr də mövcuddur. Belə ki, hazırda Hesablama Palatasında şöbə müdirinin müavini, dövlət orqanı rəhbərinin köməkçisi, Maliyyə Nazirliyində aparat rəhbərinin müavini, şöbə müdiri, Təhsil Nazirliyində aparat rəhbərinin müavini, Gəncə şəhər Təhsil İdarəsinin müdiri, Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri, Energetika Nazirliyində aparat rəhbəri, Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsində aparat rəhbəri, Dövlət Turizm Agentliyində aparat rəhbəri, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəis müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi, Dövlət Məşğulluq Xidmətinin rəisi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi və rəis müavini vəzifələri vakantdır

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...