Xocalı faciəsi Ali Hərbi Məktəbdə anılıb

Azərbaycan Respublikası Prezidentinin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilən anım mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, eləcə də Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, son 200 ildən artıq bir müddətdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrili mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları, ümumiyyətlə, müsəlman-türk əhalisini öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin xəyal etdikləri “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Məhz Xocalı soyqırımı da bu qanlı siyasətin davamıdır.

Sonra A.Qurbani Xocalı faciəsindən öncəki vəziyyət, 366-cı motoatıcı alayın ermənilərə hərbi texnika, silah-sursat və canlı qüvvə sarıdan yardımı, xaricdən göstərilən maddi və mənəvi dəstək, dinc, silahsız əhaliyə qarşı törədilən vəhşicəsinə qəddarlıqlar və 27 il ötməsinə baxmayaraq, nəinki xocalılara, o cümlədən bütün bəşəriyyətə qarşı yönəldilmiş bu qanlı cinayətin beynəlxalq qurumların ikili standartları nəticəsində hələ də düzgün hüquqi-siyasi qiymət verilməməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, bu istiqamətdə ölkə rəhbərliyinin, eləcə də Heydər Əliyev Fondunun mütəmadi olaraq apardığı məqsədyönlü siyasətdən geniş bəhs edib.

Tədbir iştirakçıları Xocalı qurbanlarını ehtiramla yad etməklə yanaşı, bu soyqırımın təşkilatçılarını, havadarlarını və əlləri günahsız insanların qanlarına bulanmış canıləri lənətləmiş və işğal altındakı torpaqlarımızı azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Alı Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bildirmişlər.

Anım tədbiri Bakı Bələdiyyə Teatrının “Şanlı Vətən” tamaşasının nümayişi ilə sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə