Astanada Xocalı soyqırımı ilə bağlı klip təqdim olunub

Qazaxıstanın Azərbaycandakı səfirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Xocalıya ədalət!” sənədli filmi nümayiş etdirilib. Həmçinin tədbir çərçivəsində Xocalıya həsr edilən “Fevral ildırımı” adlı video klipin təqdimatı olub.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edərək bildirib ki, Avropa ölkələri 22 fevralı cinayət qurbanları günü kimi qeyd edirlər. Soyqırımı insanlığa qarşı törədilən ən ağır cinayət növüdür və dünya ictimaiyyətindən xüsusi diqqət tələb edir. Ermənistan silahlı qüvvələri Xocalıda uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, 613 nəfəri öldürüblər. Bu və bundan əvvəl dünyanın müxtəlif ölkələrində törədilən soyqırımları insanlığa qarşı cinayətlərdir və dünya ictimaiyyəti tərəfindən qanuni qiymətini almalıdır.

Şair-yazıçı Dina Oraz qeyd edib ki, "Fevral ildırımı" mahnısı ikiillik işin nəticəsidir və terrorizmə, ekstremizmə, soyqırımına qarşı insanları xəbərdar etmək üçün bir çağırışdır. Mahnının yazılmasında əsas məqsəd xalqın diqqətini cəlb etmək, gənc nəsildə tolerantlıq, millətlərarası münasibətlərin harmoniyasını təşviq etmək və yaddaşlara həkk etməkdir. "Xocalıya ədalət!" kampaniyası bütün dünyaya Xocalı hadisələrinə ədalətli hüquqi qiymət verməyə çağırır.

Mahnının ifaçısı olan Azərbaycan əsilli qazaxıstanlı müğənni Neyla Quliyeva deyib ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya miqyasında müxtəlif tədbirlər keçirilir. Bu yolla Xocalıda törədilənlər barədə dünya ictimaiyyətinə məlumat çatdırılır. O deyib ki, bu layihədə Qazaxıstan ictimaiyyətinin, ölkədəki müxtəlif millətlərin nümayəndələri iştirak ediblər.

Mahnının bəstəkarı Azat Ospanov insanlığa qarşı dəhşətli cinayət olan Xocalı soyqırımı haqqında sənədli filmlərə baxıb ətraflı məlumat əldə etdikdən sonra klip hazırlanmasına qərar verdiyini deyib. Bildirib ki, dünyada günahsız uşaqların ölümündən daha pis heç nə yoxdur. Hər birimiz sülh və harmoniyanın möhkəmləndirilməsinə öz töhfəmizi verməliyik. Klipin təqdimatı Qazaxıstanın Almatı, Aktau, Atırau və digər şəhərlərində də keçiriləcək.

Tədbirdə Xocalı soyqırımını əks etdirən fotosərgi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə