Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ili tamam olur TƏDBİR

Fevralın 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı tədbir keçirilib. SİA xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Silahlı Qüvvələrin nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, veteranlar və əcnəbi qonaqlar iştirak ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin, Əfqanıstan müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov çıxış edərək bildirib ki, digər müharibələrdə olduğu kimi, Əfqanıstan müharibəsində döyüşmüş azərbaycanlılar da çoxsaylı qəhrəmanlıq nümunələri göstəriblər. Əfqanıstan müharibəsinin azərbaycanlı iştirakçıları Qarabağ müharibəsində də torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşüblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfər ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdikləri igidliklərə görə Azərbaycanın Milli Qəhrəmanı adına, yüzlərlə veteran isə müxtəlif orden və medallara layiq görülüblər. Həmin müharibənin azərbaycanlı veteranlarının fədakarlıqları gənclərimiz üçün əsl qəhrəmanlıq örnəyidir.

Bu gün ölkəmizdə yeddi minə yaxın Əfqanıstan müharibəsi veteranının olduğunu vurğulayan Xidmət rəisi onların cəmiyyət həyatında fəal iştirak etdiklərini, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə mühüm töhfələr verdiklərini deyib. Xüsusi qeyd olunub ki, ulu öndər Heydər Əliyev Əfqanıstan müharibəsinin iştirakçılarına yüksək diqqət və qayğı göstərib. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və “Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşev bildirib ki, başa çatmasından 30 il keçməsinə baxmayaraq, Əfqanıstan müharibəsi həyatımızın unudulmaz mərhələsi kimi yadda qalıb. Bu müharibə bizim üçün böyük həyat dərsi, fədakarlıq dövrü idi.

Azərbaycanda Əfqanıstan müharibəsi veteranlarına göstərilən hərtərəfli diqqət və qayğıdan məmnunluqla söz açan R.Auşev sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü ilə bağlı ölkəmizdə keçirilən bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tədbir iştirakçılarına və Əfqanıstan müharibəsi veteranlarına ünvanlanan təbrik məktubunu oxuyub.

Əfqanıstan müharibəsi veteranları adından çıxış edən Şakir Əhmədov xatirələrini bölüşüb, ölkəmizdə onlara göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işində veteranların daim fəal iştirak etdiklərini vurğulayıb. Ş.Əhmədov Əfqanıstan müharibəsi veteranlarının torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrinə daim hazır olduqlarını bildirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Əfqanıstan müharibəsinin başa çatmasının 30-cu ildönümü münasibətilə veteranları təbrik edərək bildirib ki, həmin müharibənin iştirakçıları qanlı döyüşlərdə əsl fədakarlıq göstərək, üzərlərinə düşən məsul vəzifəni layiqincə yerinə yetiriblər. Müharibə iştirakçılarının xidmətlərinin dövlət tərəfindən daim qiymətləndirildiyini vurğulayan Ə.Mehdiyev deyib ki, müharibənin od-alovundan keçən həmin insanlar ləyaqətli vətəndaşlar kimi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu gün Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir. Prezident İlham Əliyev şəhid ailələrinə, veteranlara qayğı göstərilməsini, onların sosial-məişət problemlərinin həllini daim diqqət mərkəzində saxlayır.

Çıxışlardan sonra Əfqanıstan müharibəsi, eləcə də ölkəmizdə bu müharibənin iştirakçısı olan veteranlara göstərilən dövlət qayğısından bəhs edən film nümayiş olunub.

Tədbir konsert proqramı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə