“Lələtəpədə dastan yazanlar” layihəsi çərçivəsində növbəti filmin təqdimatı olub FOTO-VİDEO

Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Lələtəpədə dastan yazanlar” layihəsi çərçivəsində hazırlanan ikinci filmin təqdimat mərasimi keçirilib. Bakı şəhəri 163 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə təhsil ocağının müəllim və şagird kollektivi və media nümayəndələri iştirak ediblər. Əvvəlcə Səs Televiziyasında istehsal olunan film haqqında qısa məlumat verilib.

Bildirilib ki, bu, layihə çərçivəsində hazırlanan ikinci filmdir. Təqdim olunan ekran işinin rejissoru Cabir Məmmədov, layihənin rəhbəri isə Könül İsmayılzadədir. Film Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanıb. Filmdə 2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Orxan Əliyev, Elnur İskəndərov və Rəvan Nurayevin həyat və döyüş yolundan bəhs olunur.

Daha sonra film nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edənlər bu kimi layihələrin önəmindən söhbət açıblar. Diqqətə çatdırılıb ki, belə layihələrin həyata keçirilməsi, filmlərin çəkilməsi şəhidlərimizin cəmiyyətə, xüsusilə yeniyetmə və gənclərə tanıdılması baxımından çox vacibdir.

Eyni zamanda bu kimi layihələrə göstərdiyi dəstəyə, gənclərə yaratdığı şəraitə görə Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fonduna xüsusi təşəkkür ifadə olunub.

Sonda layihə rəhbəri və filimin yaradıcı heyəti adından məktəbin rəhbərliyinə, müəllim və şagird kollektivinə filmin təqdimatında, tədbirin təşkil edilməsində göstərilən dəstəyə görə, təşəkkür edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə