“Xocalı Soyqırımını Unutma” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılılıb - FOTOLAR

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun (GYF) birgə təşkilatçılığı ilə GYF-nin konfrans zalında Xocalı soyqırımının XXVII ildönümünə həsr olunmuş tədbir və “Xocalı Soyqırımını Unutma” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Gəncliyə Yardım ‎Fondunun prezidenti Ahmet Tecim, millət vəkilləri Sona Əliyeva, Fazil Mustafa, Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyi Din İşləri Müşaviri Kamil Günəş, Türkiyə və Azərbaycan İş adamları və Sənayeelçiləri İctimai Birliyinin sədri Hüseyn Böyükfrat, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Ayna Allahyarqızı, qazilər, Xocalı sakinləri, valideyn, müəllimlər və gənclər iştirak ediblər.

Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib və Xocalı soyqrımına həsr edilmiş videoçarx nümayiş edilib.

Tədbirdə çıxış edən qonaqlar tarix boyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş və Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan saysız-hesabsız faciələri xatırladaraq, Xocalı soyqırımının bəşəriyyətdə insanlıq tarixinə yazılan ən qanlı faciələrdən biri olduğunu vurğulayıblar. Çıxış edənlər ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağını, işğal olunmuş torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü bildiriblər. Konfrans iştirakşıları şanlı Aprel döyüşləri, ordumuzun uğur zəfəri haqqında da geniş məlumat veriblər.

Daha sonra inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. I yerə Xətai rayonu Humanitar Fənlər Liseyinin şagirdi Ləman Mansurova, II yerə Sabunçu rayonu 198 saylı orta məktəbin şagirdi Fidan Rəcəbli, III yerə isə Yasamal rayonu 20 saylı məktəb-liseyin şagirdi Firuzə Quliyeva layiq görülüblər. Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə