Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə növbəti görüşü 20 fevral 2019-cu il tarixində Sabirabad və Ağcabədi rayonlarında keçirib. SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Beyləqan, Füzuli və Bərdə rayonlarının nohur balıqçılığı təsərrüfatlarının sahibləri iştirak edib.

Nazirliyin balıqçılıq üzrə mütəxəssisləri tərəfindən sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişafı, daha yüksək məhsuldarlığın əldə edilməsi və keyfiyyətli yem təchizatı ilə bağlı tövsiyələr verilib, sahibkarların problemləri dinlənilib, onların həlli yolları müzakirə edilib.

Görüşdə, həmçinin nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı sahibkarlar təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün Nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib.

Digər regionlarında da nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə