Xocalı faciəsinin qurbanları Şahtaxtı kənd tam orta məktəbində anılıb

Dünya tarixinin ən qanlı soyqırımlarından biri kimi Xocalı faciəsi xalqımıza qarşı iki əsrdən çox müddət ərzində erməni millətçiləri tərəfindən davamlı olaraq həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətinin növbəti mərhələsi, davamı idi. Xəbər verilir ki, bu fikirlər Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən Kəngərli rayonunun Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə məktəbin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Etimad Məmmədov çıxış edərək Xocalı faciəsindən 27 il ötdüyünü qeyd edib, faciənin bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olduğunu vurğulayıb.

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov diqqətə çatdırıb ki, bu gün Xocalı da daxil olmaqla, işğal edilmiş torpaqlarımıza qayıdacağımız, üçrəngli bayrağımızın tarixi torpaqlarımızda dalğalanacağı gün uzaqda deyil. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndinin, Ağbulaq, Qızılqaya, Qaraqaya yüksəkliklərinin, ümumilikdə isə 11 min hektar ərazinin işğaldan azad edilməsi də sübut etdi ki, bu gün həm iqtisadi, həm də hərbi üstünlük bizim tərəfimizdədir və ən qısa müddətdə dünya ictimaiyyəti tarixi qələbəmizə şahidlik edəcək. Bu gün ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər ordusu yetişib. Onlar Vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür və respublikamızın bütün sahələr üzrə inkişafında səylə çalışırlar.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin müdiri Zahid Cəfərov, Kəngərli Rayon Şöbəsinin müdiri Xanlar Əhmədov və məktəbin müəllimi Solmaz Qurbanova çıxış ediblər.

Sonda şagirdlər tərəfindən Xocalı faciəsinə həsr edilmiş şeirlər söylənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə