Hərbi attaşelər MSN-in müəssisələrini ziyarət ediblər

Xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri fevralın 20-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrini ziyarət ediblər. MSN-dən SİA-a bildiriblər ki, nazirliyin “İqlim” elmi istehsalat müəssisəsini və elektron hesablayıcı maşınlar zavodunu ziyarət edən hərbi attaşelər hər iki müəssisə ilə yaxından tanış olub, istehsal prosesini izləyiblər.

Əvvəlcə nazirliyin elektron hesablayıcı maşınlar zavoduna gələn hərbi attaşelərə müəssisənin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.

Qonaqlar burada MSN-in müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatların nümayiş etdirildiyi sərgiyə baxıblar. Nümayiş etdirilən hər bir məmulat böyük marağa səbəb olub. Hərbi attaşelər zavodda hazırda ixrac məhsulu kimi istehsal olunan hərbi təyinatlı məmulatların hazırlanma prosesini də izləyiblər.

Sonra hərbi attaşelər istehsal gücü yüksək olan, daha çox çeşiddə hərbi təyinatlı məhsul istehsal edən “İqlim” elmi istehsalat müəssisəsinə gəliblər. Müəssisə ilə yaxından tanış olan nümayəndələrə istehsalı reallaşmış və artıq seriyalı istehsalı həyata keçirilən atıcı silahlarla bağlı ətraflı məlumat verilib. Bildirilib ki, müəssisədə istehsal olunan atıcı silahlar beynəlxalq sərgilərdə nümayiş etdirilir və ixracı həyata keçirilir.

Tanışlıq məqsədilə təşkil olunan tədbirdə 21 ölkəni təmsil edən 32 nümayəndə iştirak edib.

Sonda hərbi attaşelər müəssisələrdə yaradılmış şəraitə görə məmnunluqlarını ifadə edib, tədbirin təşkilinə görə nazirliyin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Artıq ənənə xarakteri almış bu ziyarət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Bu qəbildən olan tədbirlər hərbi-texniki sahədə əməkdaşlığın inkişafında və Azərbaycanın istehsalı olan hərbi təyinatlı məmulatların ixracının artırılmasında xüsusi rol oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə