Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin üzərinə mühüm vəzifə düşür FOTO

Fevralın 19-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib. SİA-nın məlumatına görə, fonddan bildirilib ki, seminarı açan Göyçay Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Bayramov milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyindən bəhs edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov dövlətin milli-mənəvi dəyərlərimizə qayğısından, bu sahədə görülən işlərdən danışıb.

Fondun şöbə müdiri Hatəm Gülməmmədov milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasında mühüm rol oynaması ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmlənməsində də xüsusi rola malik olduğunu qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev şöbənin əhatə etdiyi rayonlarda milli-mənəvi dəyərlərin təbliği istiqamətində keçirilən maarifləndirici tədbirlərdən söhbət açıb.

Ucar rayonu Rəstəcə kənd tam orta məktəbinin direktoru Rahib Rəsulov gənclər və əxlaq mövzusuna toxunaraq, mənəvi böhrana qarşı gənclərdə güclü mənəvi immunitetin yaradılmasının vacibliyini vurğulayıb.

Ucar rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev qeyd edib ki, müasirlik, qloballaşma cəmiyyətin inkişafı üçün faydalı olsa da, bu anlayışlar özləri ilə aid olduqları məkanın mədəniyyətini, müsbət və mənfi keyfiyyətləri də gətirir. Bu qloballığın içərisində itib-batmamaq üçün gənclərlə maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinə ehtiyac var.

Seminar-müşavirənin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə