"Plastik tullantıların ətraf mühitə təsirinin azaldılması qlobal problemdir" MÖVQE

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) plastik tullantıların ətraf mühitə mənfi təsirini azaltmaq məqsədilə ötən ilin may ayından başlayaraq maarifləndirici-təbliğat işləri aparılır. Bunu SİA-ya verdiyi açıqlamasında ETSN-in sektor müdiri Mehman Nəbiyev deyib.

Sektor müdiri bildirib ki, bununla yanaşı nazirlik tərəfindən plastik tullantıların toplanması üçün konteynerlər hazırlanıb və artıq ayrı-ayrı bölgələrdə istifadəsinə başlanılıb: "ETSN-dən sonra digər qurumlar da bu cür konteynerlərin hazırlanmasına dəstək göstəriblər. Bu günə qədər artıq 37 şəhər və rayon mərkəzlərinə 153 belə konteyner yerləşdirilib. Bu tədbirlərin davamı olaraq, həm digər maraqlı tərəflərin iştirakını təmin etmək, həm də Strateji Yol Xəritəsində plastik tullantılarının ətraf mühitə təsirini azaldılmasını nəzərdə tutan tədbirləri həyata keçirmək üçün ETSN tərəfindən Tədbirlə Planı hazırlandı. Prezident İlham Əliyevin sərəncamı ilə 2019-2020-ci illəri əhatə edən Tədbirlər Planı təsdiq edilib”.

Sektor müdiri söyləyib ki, Tədbirlər Planına əsasən ETSN-lə yanaşı, digər aidiyyatı qurumlar - Vergilər və İqtisadiyyat nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, yerli icra hakimiyyətləri və digərləri də icraçı qurum kimi göstərilib: "Ölkə başçısının sərəncamına əsasən, plastik tullantılarının ətraf mühitə təsirini azaldılması məsələsi artıq digər icraçı qurumların iş planına daxil olur. Artıq aidiyyatı qurumlar məsələ ilə bağlı mütəmadi hesabat verməli və bu hesabatlar ETSN tərəfindən yekunlaşdırılaraq görülən tədbirlərin qiymətləndirilməsi üçün təqdim olunmalıdır”.

M.Nəbiyev qeyd edib ki, ümumiyyətlə, plastik tullantıların ətraf mühitə təsirinin azaldılması qlobal problemdir və onu bir dövlət qurumunun səyi ilə həll etmək mümkün deyil: “Effektiv nəticə əldə etmək üçün icraçı qurumların, özəl təşkilatların və sahibkarların, ictimaiyyətin və eləcə də KİV nümayəndələrinin birgə fəaliyyəti mütləqdir. Media maarifləndirmədə yaxından iştirak etməli, vətəndaşları bu istiqamətdə daim məlumatlandırmalıdır. Tədbirlər Planında həm maarifləndirmə, həmdə plastik qablaşdırmanın tullantılarının düzgün idarə olunması, onların ətraf mühitə təsirlərinin qarşısının alınması üçün, toplanma, çeşidlənmə və təkrar emala yönləndirən məsələlər öz əksini tapıb. Plastikin düzgün idarə olunması, təkrar emala yararlı olanlara üstünlük verilməlidir ki, təbiətdə atılıb qalmasın. İnkişaf etmiş ölkələrdə də plastik istehsalı çoxalırsa, onun toplanma, çeşidlənmə və təkrar emalı çoxaldılaraq təbiətə olan mənfi təsiri azaldılır”.

Tədbirlər Planında yer alan maarifləndirmə tədbirlərinin ictimaiyyətə, vətəndaşlara, sahibkarlara yönəldiyini deyən qurum rəsmisi vurğulayıb ki, bu məsələ ilə bağlı bağçalarda, orta məktəblərdə, ali təhsil müəssisələrində birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, plastik qablar, sellofan torbalardan istifadədən vətəndaşlar özləri imtina etməlidirlər: “Onların sağlamlığa təsiri və ziyanlı tərəfləri haqqında geniş məlumatlar verilir. Vətəndaşlar bilməlidir ki, plastik qablar və ya sellofan torbalar ziyandırsa, niyə onlardan istifadə etməliyik? Bu məhsullar məişətimizə son 10-15 ildə daxil olub. Bundan öncə insanlarımız digər qablardan istifadə etmirdilərmi? Nədənsə insanlar bəzən bu məhsullardan istifadənin azaldılması, alternativlərinə üstünlük verilməsi və ya dəyişmək kimi tədbirlərə hansısa ərzaq məhsullarından imtina etmək reaksiya verirlər. Elə ölkələr var ki, orada insanlar özləri bu məhsullara həvəs göstərmir, alternativlərdən istifadə edirlər”.

Sektor müdiri əlavə edib ki, əgər Azərbaycanda da bu məhsullara tələb azalsa, insanlar az istifadə etsə, bazara digər alternativlər də daxil ola bilər: “Bu gün plastik qablar və ya sellofan torbalar istehsal edənlər digər istehsal məhsullarına keçə bilərlər. Hər bir vətəndaş düşünməlidir ki, plastik tullantılar, sellofan torbalardan istifadə etməklə həm torpaq, həm su, həm də hava çirklənir ki, bu da nəticə etibarı ilə sağlamlığımıza ziyan vurur. Bu gün ola bilsin bunun nə qədər ziyanlı olduğunu hiss etmirik. Amma bir neçə ildən sonra bunun ağır nəticələrini daha çox hiss edəcəyik. Artıq torpağı qazdıqda ya plastik qab, ya da sellofan torba çıxır ki, bu da torpağın münbitliyini getdikcə azaldır. Bu gün elə ərazilər var ki, orada plastik çirklənmə həddindən artıq çoxdur. Bu barədə fikirləşməli, alternativlərdən istifadə etməliyik ki, ətraf mühitdə daha az çirklənmə baş versin”.

Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə