Lerikdə heyvanlar arasında profilaktik peyvəndləmə aparılır FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, Lerik Rayon Baytarlıq İdarəsi 2019-cu ilin ilk günlərindən başlayaraq rayonun 1 şəhər və 161 kəndində 23 sahə baytarlıq məntəqəsi vasitəsilə ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verib.

Baytarlıq Xidmətindən SİA-ya verilən məlumata görə, hazırda Lerik Rayon Baytarlıq İdarəsi tərəfindən rayonda fəaliyyət göstərən sahibkar Şahbazov Fərziəli Balamirzə oğluna məxsus təsərrüfatda lizinqlə alınmış 100 baş qara-ala və simmental cinsli iribuynuzlu heyvanlarda qarayara və dabaq xəstəlikləri əleyhinə peyvəndləmə tədbiri aparılıb. Eləcə də həmin təsərrüfatda olan heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunəsi götürülüb.

Ümumiyyətlə, cari ilin tədbirləri başlayandan indiyə kimi rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında saxlanılan 38998 baş iribuynuzlu, 1462 baş təkdırnaqlı heyvanda qarayara, 1705 baş həyət itində quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbiri aparılaraq, 2400 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. Eləcə də 933 baş iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə görə qan nümunəsi alınıb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda qarayara əleyhinə tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.

Fevral ayının 10-dan isə Lerik rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (A,O,“Asiya-1” və Tur-15 tiplərinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 2600 başdan artıq iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb.

Lerik rayonunda bundan sonra isə ev quşları arasında nyukasl, nodulyar dermatit, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epedidimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulub.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də maariflənmə işi apararaq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Bütün xəbərlər Facebook səhifəmizdə