Naxçıvanda məhsullar standartlara uyğunlaşdırılır

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2019-cu ilin yanvar ayında yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işini, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin standartların tələblərinə uyğunluğunu diqqətdə saxlayıb, məhsulların 65 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilib.

Dövlət Agentliyindən bildirilib ki, yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 43 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Təsərrüfat subyektlərindən götürülmüş məhsul nümunələrinin 62 halda laboratoriya analizləri aparılıb və standartların tələblərinə uyğun olduğu müəyyən edilib, məhsulların sertifikatlaşdırılmasına dair elektron xidmət vasitəsilə daxil olan 36 müraciət operativ icra edilib. Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması istiqamətində 18 məktəbin bufetində, 6 digər təhsil müəssisəsinin bufet və yeməkxanasında və 10 məktəbəqədər tərbiyə müəssisəsinin yeməkxanasında monitorinqlər, 10 səhiyyə müəssisəsinin yeməkxanasında yerli məhsullarla təminatın üstünlüyü barədə maarifləndirici tədbirlər aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində yeni yaradılan 1 ailə təsərrüfatına 10 adda məhsulun etiket layihələrinin hazırlanmasına metodik köməklik göstərilib, Naxçıvan şəhərində fəaliyyət göstərən 13 satış obyektində ailə təsərrüfatı məhsullarının satışı bölməsi yaradılıb.

Dövlət müəssisə və təşkilatları tərəfindən mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınan ərzaq məhsullarının keyfiyyətinə nəzarət gücləndirilib, alkoqollu içkilər istehsal edən 4 müəssisədə arağın laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilib. 61 bərbərxanada maarifləndirmə xarakterli monitorinqlər aparılıb, 61 ictimai iaşə və xidmət sahəsinə maarifləndirmə xarakterli baxış keçirilib, 13 təsərrüfat subyektində aşkar olunan çatışmazlıqlar aradan qaldırılıb.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə birgə elektrik və qaz cihazlarının satışını həyata keçirən 32 təsərrüfat subyektində müşahidə xarakterli təkrar monitorinqlər aparılıb, daxili bazar və gömrük-keçid məntəqələrində aparılan monitorinqlər zamanı idxal olunan 380 məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 7 məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə