Daşkəsənin Çanaqçı kəndində növbəti səyyar görüş keçirilib

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bu gün rayonun ucqar dağlıq ərazisində yerləşən Çanaqçı kəndində idarə, müəssisə, təşkilatların, hüquq-mühafizə orqanların rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə sakinlərlə görüş keçirib.

Görüşə gəlmiş Çanaqçı kənd sakinlərini salamlayan Əhəd Abıyev vətəndaşlarla keçirilən hər bir görüşdən məmnun olduğunu, qaldırılan problemlərin və verilən təkliflərin yerinə yetirilməsi üçün aidiyyəti qurumlar tərəfindən konkret və əməli tədbirlər görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, Qaraqullar-Çanaqçı, Çanaqçı-Zivlan avtomobil yolunun təmiri, mühüm sosial və mədəni obyektlərin inşası yerli əhalinin böyük razılığına səbəb olub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib. Ötən dövrdə respublikamızda yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələr uğurla icra olunub.

İcra başçısı vurğulayıb ki, yol infrastrukturunun yaxşılaşması gözəl təbii şəraiti olan bölgəyə turist axınının xeyli artmasına səbəb olacaqdır. Turizm potensialına malik olan rayonumuzda uzaq dağ kəndlərinin yollarının asvaltlaşdırılması ilə tarixi, mədəni, təbiət abidələri ilə zəngin olan bu ucqar dağ kəndlərə turistlərin gəlişi xeyli artacaqdır.

Əhəd Abıyev 29 yanvar 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində Çanaqçı kəndində modul tipli tam orta məktəbin tikintisinin nəzərdə tutulduğunu sakinlərin diqqətinə çatdıraraq onları təbrik edib. Bildirib ki, Dövlət Proqramı hazırlanarkən yerlərdə vətəndaşlar tərəfindən irəli sürülən təkliflər əsas götürülüb.

Sonra rayon İcra Hakimiyyətinin başçısı istər şəxsi, istərsə də kəndlə bağlı təklifi, müraciəti və şikayəti olan sakinlərə öz müraciətlərini etmələrini xahiş edib.

Kənd sakinlərindən Qurbanov Pirverdi Əlirza oğlu, Quliyev Xəqani Əli oğlu, Tanrıverdiyeva Lalə Şirvan qızı, Məmmədov Ramiz İlyas oğlu çıxışlarında qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik diqqəti və qayğısı nəticəsində ölkə əhalisinin rifah halı gündən-günə yaxşılaşır. Bunu gündəlik həyatlarında açıq-aşkar hiss edirlər.

Kənd sakinlərini onları narahat edən məsələlər barədə də fikir və təkliflərini bildirmiş, problemlərin həlli ilə əlaqədar müraciət ediblər.

Müraciətlər işlə təmin olunma, kəndə təbii qaz xəttinin çəkilməsi, vətəndaşın həyətində olan əyilmiş elektrik dayağının dəyişdirilməsi, kənd tibb məntəqəsinin təmir olunması, eləcə də digər şəxsi məsələlər olub.

Əhəd Abıyev qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib. Təkliflərin əksəriyyəti yerində həll olunub, bəzilərin həlli üçün aidiyyəti üzrə müraciətlərin edilməsi tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə