"Bu qaydalar xarici vətəndaşlara da şamil olunsa, büdcəyə xeyr gətirə bilər” AÇIQLAMA-ÖZƏL

"Prezident İlham Əliyev tərəfindən yanvarın 25-də təsdiq edilən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” vətəndaşların sosial vəziyyətinə müsbət təsir göstərəcək”. Bu fikirləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Əhalimiz arasında həm kirayədə qalan, həm də mənzil şəraiti arzu olunan səviyyədə olmayan vətəndaşların sayının az olmadığını deyən sosioloq bildirib ki, hətta mənzili olsa belə həmin mənzilin onun səhhətinə uyğun olmayan və ya ziyanlı olan şəxslər də var: “Belə olan halda, yeni mexanizm vətəndaşlarımıza kirayə ev götürmək və ödəniş etdikdən sonra ev sahibinə çevrilmək imkanı yaradır. Elə insanlar var ki, illərlə kirayədə qalır, sonra ev sahibi onu müəyyən səbəblərə görə evdən çıxarır. Halbuki hesablama aparsaq, bəlkə də kirayəçi qaldığı müddətdə mənzil sahibinə mənzilin dəyərindən də artıq pul ödəmiş olub. Bu əlbəttə ki, kirayəçilər üçün həm maddi, həm də mənəvi ziyandır”.

Yeni qaydaların iqtisadi cəhətdən əsaslandıranda dövlətin də xeyrinə olduğunu dilə gətirən sosioloq vurğulayıb ki, mexanizm iqtisadi cəhətdən müsbət amilləri özündə əks etdirir: “Yeni qaydalar bu günün tələblərinə tam şəkildə uyğundur. Bu sahəyə diqqət ayrılması çox vacib idi. Yeni mexanizm dövlət büdcəsinə əlavə gəlirin yönəlməsinə imkan yaradacaq. İndiyədək insanların harada kirayə qalmasından heç kimin xəbəri olmur və bundan vergi ödənilmirdi. Lakin insanların İpoteka və Kredit Zəmanət Fondunun tabeçiliyində olan mənzillərdə kirayə qalması dövlət büdcəsinə də öz müsbət təsirlərini göstərəcək. Bir sözlə yeni qaydalar həm kirayəçilərin mənzilə əlçatanlığı, həm də dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması imkanlarını özündə ehtiva edir”.

Ə.Qəşəmoğlu bu istiqamətdə növbəti dəfə atılacaq addımlarda xarici vətəndaşların da nəzərdə tutulmasını təklif edib: “Yeni qaydalar Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Bəzən xarici vətəndaşların da ölkəmizdə kirayə qalması ilə bağlı bəzi problemlə yaşana, xoşagəlməz hadisələr baş verə bilir. Əgər belə qaydalar onlar üçün də tətbiq olunsa, o zaman kirayə qalan xarici vətəndaşlar da həmin mənzillərdən istifadə edə bilər və bunun özü dövlət büdcəsinə xeyir gətirə bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...