Astarada keçirilən növbəti humanitar aksiya

Bölgələrdə həkim-neyrocərrahlara olan tələbat nəzərə alınaraq Astara Rayon İcra Hakimiyyəti və Astara Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə rayonda növbəti humanitar aksiya keçirilib. SİA-nın məlumatına görə, xəstəxananın poliklinika şöbəsində reallaşan aksiya zamanı 100 nəfərə yaxın rayon sakini tibbi müaiyənədən keçib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi, tibb üzrə fəlsəfə doktoru Rəfael Bayramov bildirib ki, Astara rayonu endemik zonaya daxil olduğu üçün gün ərzində xəstələrin müraciətləri əsasən revmatizm, əsəb və ürək-damar xəstəlikləri, bədənin müxtəlif nahiyyələrində olan ağrılarla bağlı olub.

Humanitar aksiya zamanı aşkar edilən xəstəliklərlə bağlı əlavə müayinələrin də aparıldığını və müayinələr asasında xəstələrə müvafiq müalicə kurslarının təyin edildiyi qeyd edən R.Bayramov xəstələrdə hər hansı bir cərrahiyyə əməliyyatı aparmaq zərurəti yaranarsa şəraitə və xəstəliyə uyğun Astara Rayon Mərkəzi Xəstəxanasında və Respublika Neyrocərrahiyyə Xəstəxanasında cərrahiyyə əməliyyatı aparılacağını diqqətə çatdırıb.

Rayon sakinləri humanitar aksiyadan razılıqlarını ifadə edərək təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə