Komitə sədri sakinlərin müraciətlərini dinləyib FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər. SİA-nın verdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yanvarın 22-də Siyəzən şəhərində şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib.

Qəbuldan öncə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri iştirak edib.

Vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi və digər məsələlərlə bağlı müraciət ünvanlayıblar.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. Bir sıra müraciətlər yerindəcə həll edilib.

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciət edən vətəndaşlara isə müvafiq qurumlara müraciət etmələri tövsiyə olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə