"Şəhidliyin zirvəsi" filminin təqdimat mərasimi keçirilib - FOTOLAR

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsində "Səs" Media Qrupun hazırladığı 20 Yanvar hadisələrinə həsr olunmuş "Şəhidliyin zirvəsi" filminin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə DSX rəisinin şəxsi heyət üzrə müavini, general-leytenant Azad Ələkbərov, Sahil Mühafizəsinin rəisi, general-leytenant Əfqan Nağıyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, DSX-nin zabit, gizir və əsgərləri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

General-leytenant Ə.Nağıyev çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq əzminin sarsılmaz olduğunun nümunəsidir. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xidmətləri sayəsində 20 Yanvar hadisələrinə daha ədalətli qiymət verilib. Ə.Nağıyev həmin dövrdə Ulu Öndər tərəfindən bəyanatın və kəskin etirazın verilməsinin tarixi əhəmiyyətinin nə qədər vacib olduğunu vurğulayıb.

Tədbirdə qeyd edilib ki, "Şəhidliyin zirvəsi" filminin məsləhətçisi DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev, ideya müəllifi isə "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyevdir.

Sonra 20 Yanvar hadisələrinə həsr olunmuş "Şəhidliyin zirvəsi" filmi nümayiş edilib.

Mətbuat Şurasının sədri Ə.Amaşov azərbaycanlıların öz müstəqil dövlətini qurmaq üçün canlarından keçməkdə tərəddüd etmədiklərini, silahlı əsgərlərin, tankların qarşısına çıxmaqdan qorxmadıqlarını vurğulayıb. O, 20 Yanvar hadisələri ilə xalqımızın tarixdə silinməz iz buraxdığını qeyd edib. Ə.Amaşov qanlı yanvar hadisələri haqda geniş məlumat verib.

"İki Sahil" qəzetinin baş redaktoru V.Rəhimzadə bu gün Azərbaycan tarixində həm qanlı, həm də şanlı hadisələrin qeyd olunduğunu bildirib. O, 20 Yanvar hadisələrinin dünyanın ən qanlı facilərinidən olduğunu bildirib. Baş redaktor Azərbaycan xalqının öz hüquqlarını qoruduğunu, müstəqilliyə gedən yolda böyük fədakarlıq göstərdiyini, qəhrəmanlıq nümunəsi yazdığını deyib.

V.Rəhimzadə həmin dövrdə insanların informasiya blokadasında saxlanıldığını, dünyanın baş verənlərdən xəbər tutmaması üçün çirkin addımlar atıldığını vurğulayıb. O, Azərbaycan vətəndaşının qəhrəmanlığı, şücaəti sayəsində müstəqilliyimiz yolunda əvəzolunmaz işlər görüldüyünü bildirib. Qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin xidmətləri ilə bu hadisələr dünyaya çatdırıldı və hüquqi qiymət verildi.

"Səs" Media Qrupun rəhbəri B.Quliyev filmin təqdimatının hərbi hissədə keçirilməsinə şərait yaratdığına görə DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevə minnətdarlığını bildirib. O, 20 Yanvar hadisələrinə həsr olunmuş filmin təqdimatının hərbiçilərin iştirakı ilə keçirilməsinin böyük məna və əhəmiyyət daşıdığını qeyd edib.

B.Quliyev 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıb: "Həmin dövrlərdə xalqını sevən, güclü, özünü xalqına həsr edən liderə ehtiyac var idi. Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və Mərkəzi Komitənin yürütdüyü siyasəti kəskin tənqid etdi. Ümummilli Liderin tələbi ilə hadisəyə hüquqi qiymət verildi. Azərbaycan xalqı bilirdi ki, məhz Ulu Öndər Heydər Əliyev ölkəni bu çətin vəziyyətdən xilas edə bilər. Azərbaycan ziyalıları "Səs" qəzeti vasitəsilə Ulu Öndərə müraciət etdi və Ümummilli Lider onlara adıçəkilən qəzet vasitəsi ilə cavab verdi. O, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı ağır vəziyyətdən xilas etdi".

"Səs" Media Qrupunun rəhbəri 20 Yanvar hadisələri haqda geniş məlumat verib.

B.Quliyev Prezident İlham Əliyevin ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarlar qəbul etdiyini vurğulayıb.

O bildirib ki, Azərbaycan xalqı yenə də öz torpaqları, müstəqilliyi və suverenliyi uğrunda canını verməyə hazırdır: "Nə qədər ki, xalqımız öz liderinə inanır və güvənir Azərbaycan yaşayacaq və inkişaf edəcək".

DSX rəisinin şəxsi heyət üzrə müavini, general-leytenant A.Ələkbərov filmi yüksək səviyyədə hazırladığı üçün "Səs" Media Qrupa təşəkkürünü bildirib. O, şəhidlərimizin ruhunun hər zaman yaşayacağını, həmçinin xidmət əməkdaşlarına tapşırılan xidməti işləri layiqincə yerinə yetirəcəklərini bildirib.

Sonda bir daha vurğulanıb ki, şəhidlərimiz heç zaman unudulmayacaq və Azərbaycan tarixində qəhrəmanlıq nümunəsi olacaqlar.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə