Hindistanda 20 Yanvar qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Hindistandakı səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin yad edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Hindistanın dövlət və ictimai qurumlarının nümayəndələrinin, ali təhsil ocaqlarının tələbə və müəllim heyətinin iştirak etdikləri tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Əşrəf Şıxəliyev 1990-ci ilin 20 yanvarında dinc etiraz aksiyasını dağıltmaq məqsədilə Azərbaycana sovet ordusu hissələrinin yeridildiyini və nəticədə 147 mülki şəxsin həlak olduğunu, 800-dən çox insanın yaralandığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, sovet rəhbərliyinin bu cinayətkar əməllərinə qarşı sərt etiraz edib, bununla da yanvar hadisələrənə ilk dəfə siyasi-hüquqi qiymət verilib.

Vurğulanıb ki, 20 Yanvar faciəsindən sonra xalqımızın azadlıq mübarizəsi daha da gücləndi.

Ermənistanın ölkəmizə qarşı təcavüzü və ərazilərimizin işğal edilməsi barədə məlumat verən səfir deyib ki, bütün çətinliklərə baxmayaraq, hazırda Azərbaycan sürətlə inkişaf edən, güclü iqtisadiyyata malik, regionda lider ölkədir.

Tədbirdə Azərbaycan-Hindistan münasibətlərinin hazırki vəziyyəti və perspektivləri, o cümlədən iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq imkanlarına dair suallar cavablandırılıb. Sonda Qanlı Yanvar qurbanlarının xatirəsinə ehsan verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə