20 Yanvar faciəsi: insanlığa qarğı törədilmiş cinayət

SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Neftqazelmitədqiqatlayihə" İnstitutunun direktoru Fəxrəddin İsmayılov bildirib ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilib. Sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələr təşkil olunur, 20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd edilir. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O mudhiş gecədə Azərbaycan xalqı sınağa cəkildi. Oğul və qızlarımız müstəqillik, azadlıq uğrunda şəhidlik zirvəsinə ucaldılar.

Sovet hakimiyyətinin Azərbaycan haqqında qaranlıq düşüncələrini bölüşən F.İsmayılov faciənin yaranma səbəbləri və Qanlı Yanvarda törədilən dəhşətlər haqqında ətraflı məlumat verib.

F.İsmayılov ümummilli lider Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırıb: "Bakı şəhərinin ən hündür hissəsində yerləşən Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm "Əbədi məşəl" abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilib. Ölkə Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara "20 Yanvar şəhidi" fəxri adı verilib və onların ailələrinə dövlət tərəfindən lazımi diqqət göstərilir".

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qan yaddaşımız olan 20 Yanvar faciəsinin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirilən məkrli siyasətin tərkib hissələrindən biri olduğunu bildirib. İllər ötdükcə baş verən hadisənin mahiyyətinin daha aydın şəkildə nəzərə çarpdığını söyləyən V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş İttifaq rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı: "Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığa, müstəqilliyə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi".

V.Rəhimzadə diqqətə çatdırıb ki, hadisələrin səhəri günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirən ümummilli lider Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bəyan etdi, qanlı faciəni pislədi, günahsız adamların qanlarının axıdılmasını insanlığa qarşı törədilmiş xəyanət adlandırdı: "Yanvar hadisələrinə geniş mənada əsl hüquqi-siyasi qiymət məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra verildi. Belə ki, ulu öndər Heydər Əliyevin 1994-cü ildə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı Fərmanında Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-huquqi qiymət verilməsi tövsiyə olunmuşdu. Milli Məclis həmin ilin martın 29-da 20 Yanvar faciəsi ilə bağlı qərar qəbul etmişdi. Bundan sonra hər il 20 Yanvar hadisələri ilə bağlı həm ölkə daxilində, həm də səfirliklərimiz, diaspor təşkilatlarımız tərəfindən dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir, 20 Yanvar faciəsi ilə bağlı həqiqətlər dünyaya çatdırılır".

V.Rəhimzadə vurğulayıb ki, 20 Yanvar şəhidləri Vətənin azadlığı, suverenliyi uğrunda göstərdikləri şücaətlə bugünkü gənclərimizə örnəkdirlər və xalqımız əmindir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğalından azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq.

Tədbirdə şöbə rəisi İradə Hüseynova, mühəndislər Aysel Cəfərli və Əkbər Vəliyev çıxış edərək qeyd ediblər ki, XX əsr tariximizə qanla yazılmış 20 Yanvar faciəsindən 29 il keçsə də, xalqımızın başına gətirilmiş bu qətliam unudulmur və heç vaxt unudulmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə