AMEA-nın Naxçıvan Bölməsində 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib

AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan “20 Yanvar-azadlığımızın və iradəmizin simvolu” mövzusunda elmi konfrans keçirilib.

Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, sonra tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan xalqına qarşı sovet imperiyasına rəhbərlik edən ermənipərəst quldurların əvvəlcədən hazırlanıb planlı şəkildə həyata keçirdiyi 1990-cı ilin 20 Yanvar faciəsinin baş vermə səbələrindən danışıb. Bildirilib ki, həmin vaxt Azərbaycan xalqının ağır iflic vəziyyətinə salınması, informasiya blokadasında olması, radio, televiziyanın susdurulması, mətbuatın nəşrinə qadağa qoyulması bu faciəni törədənlərin məkrli siyasətinin tərkib hissəsi olub. Qeyd olunub ki, belə bir ağır vəziyyətdə Moskvada, ölkəmizdən uzaqda yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək 20 Yanvar faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb etdi. Ulu öndər Heydər Əliyevin cəsarətli bəyanatı kütləvi informasiya vasitəsi ilə Azərbaycan xalqının haqq səsi, fəryadı bütün dünyaya çatdırıldı. Ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin mahiyyəti açıqlandı, hüquqi-siyasi qiyməti öz əksini tapdı. Vurğulanıb ki, 20 Yanvar hadisəsi hər zaman canını qurban verməyə hazır olan xalqın Vətənə, torpağa sədaqətin, azadlıq, müstəqillik uğrunda mübarizəsini bütün dünyaya göstərən tariximizin şərəfli bir səhifəsi, qəhrəmanlıq salnaməsidir.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “20 Yanvar faciəsi ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət”, həmin institutun şöbə müdirləri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsi, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun “20 Yanvar faciəsi-insanlığa qarşı cinayət” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “20 Yanvar faciəsi poeziyada” mövzusunda məruzələri dinlənilib. Məruzələrdə 20 Yanvar faciəsini törədənlərin məkrli siyasətlərindən, şəhidlərimizin adlarının əbədiləşdirilməsi və bu gün onların ailə üzvlərinə göstərilən dövlət qayğısından söz açılıb.

Konfransda 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecənin real faktlarını əks etdirən fotoşəkillər slayd vasitəsilə nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə