Bu il 1254 məhkum cəza çəkməkdən azad edilib Penitensiar Xidmət

Bu il mayın 24-də 634 məhkumun, o cümlədən azadlıqdan məhrum etmə cəzasını çəkən 607 məhkumun əfv edilməsi ilə bağlı Prezidentin sərəncamı vaxtında icra edilib. SİA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində Penitensiar Xifmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.

Rəis müavin bildirib ki, dövlət başçısının təşəbbüsü ilə 20 oktyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş Qanunun icrası ilə bağlı 2018-ci il ərzində penitensiar müəssisələrdə cəza çəkən 6011 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib: "647 məhkum cəza çəkməkdən azad olunub, 2319 məhkumun cəza müddəti azaldılıb, 851 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib".

O.Məmmədov deyib ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi məqsədilə məhkəmələrə təqdim edilən sənədlərin hazırlanması işində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı ədliyyə naziri tərəfindən verilmiş tapşırıqların icrası üzrə tədbirlər davam etdirilib.

Yeni fəaliyyətə başlayan Komissiyanın artıq 24 iclası keçirilib, 818 məhkumun müraciətlərinə baxılıb və onlardan 363-nə müsbət rəy verilib. Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi və daha səmərəli təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə