ƏƏSMN-də 20 Yanvar faciəsi anılıb FOTO

20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində anım tədbiri keçirilib. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

ƏƏSMN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, 1990-cı ilin 20 Yanvar günü xalqımızın tarixinə Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə günü kimi yazılıb. Azərbaycanda istiqlaliyyət uğrunda getdikcə güclənən mübarizənin qarşısını almaq üçün keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ağır silahlı texnika ilə Azərbaycana daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam törətdi. Faciədən bir gün sonra, yanvarın 21-də ümummilli liderimiz Heydər Əliyev, oğlu cənab İlham Əliyevlə birgə böyük cəsarət və öz xalqına sonsuz bağlılıq hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı dəhşətli cinayətini kəskin şəkildə pisləyən, günahkarların cəzalandırılması tələbini irəli sürən bəyanatla çıxış edib. Bu tarixli bəyanat həm də faciəyə verilən ilk siyasi qiymət idi.

M.Kərimli 1990-cı ilin yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsi, 20 Yanvar gününün Ümumxalq hüzn günü kimi elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi istiqamətində Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Şəhidlər Xiyabanının vahid kompleks kimi yenidən qurulduğunu, Bakıda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradıldığını vurğulayıb.

M.Kərimli 20 Yanvar əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri də diqqətə çatdırıb.

Mllət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev 1990-cı ilin 20 Yanvar gününün faciə günü kimi xarakterizə olunmaqla yanaşı, müasir Azərbaycan tarixinin şərəfli səhifələrindən biri olduğunu vurğulayıb. M.Quliyev müstəqillik yolunun 20 yanvar günündən keçdiyini, həmin günün Azərbaycan xalqının istiqlaliyyət əzminin nə qədər sarsılmaz olduğunu dünyaya nümayiş etdirdiyini qeyd edib.

“20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə 20 Yanvar şəhidlərinin Azərbaycan xalqının müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdiklərini, şəhidlərimizin xatirəsinin hər zaman ürəklərdə yaşayacağını bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə latın qrafikasında, həmçinin yeni əlavə və düzəlişlərlə yenidən nəşr edilmiş “Şəhidlər” kitabının müəllifi yazıçı-publisist Rafiq Səməndər 1990-cı ilin yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüb. Nazirlik yanında İctimai Şuranın sədri Umud Mirzəyev şəhidlərimizin uğrunda canlarını fəda etdikləri müstəqilliyimizin daim gücləndirilməsinin hər kəs üçün mənəvi borc olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə