7 yaşayış məntəqəsini birləşdirən respublika əhəmiyyətli yol yenidən qurulur FOTO

26 min nəfər əhalinin yaşadığı, 7 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 137-ci km-dən ayrılan III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun 15 km-lik hissəsi yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, avtomobil yolu iki hissə üzrə yenidən qurulur. 1-ci hissə youn 0-10 km-liyini, 2-ci hissə isə 10-15 km-liyini əhatə edir.

Respublika əhəmiyyətli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun 0-10 km-lik hissəsi uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və çökmələr əmələ gəlmişdi. Çiyinlərdəki materiallar atmosfer yağıntıları nəticəsində yuyulmağa məruz qaldığından çiyinlər aşağı səviyyəyə düşmüşdü.

Bundan başqa, yolun bəzi hissələrində torpaq yatağı təbii relyef ilə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəlmişdi. Bu səbəbdən də yolun torpaq yatağının qaldırılmasına zərurət yaranmışdı.

Yaranmış problemlərin aradan qaldırılması üçün avtomobil yolu III texniki dərəcəyə uyğun yenidən qurulur.

Analoji işlər respublika əhəmiyyətli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun Beyləqan şəhəri daxilindən keçən 5 km-lik hissəsində də aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə