Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, sənəddə deyilir:

2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustası Cəlil Məmmədquluzadənin 150 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Qeyd edək ki, görkəmli Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim Məmmədquluzadə Cəlil Hüseynqulu oğlu 22 fevral 1869-cu ildə Naxçıvan şəhərində dünyaya gəlib. Böyük satirik, ədib Cəlil Məmmədquluzadə məşhur "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri, qüdrətli dramaturq və publisistdir.

Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.

Ədib İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.

1895-ci ildə yayında Moskvaya və Peterburqa getmiş, bu şəhərin mədəni həyatı ilə tanış olmuşdur. Naxçıvanda və İrəvanda müxtəlif hüquq idarələrində çalışmışdır. 1896-cı ildə ilk ailəsini qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir. 1900-cü ildə dövrünün tanınmış hüquqşünaslarından olan Məhəmmədqulu bəy Kəngərlinin bacısı Nazlı xanım Kəngərli ilə ailə həyatı qurur. Lakin sonradan Mirzə Cəlillə Nazlı xanımın münasibətləri korlanır. 1903-cü ildə Nazlı xanım vaxtından əvvəl ölü uşaq doğur və bununla da əsəb xəstəliyinə tutulur. Mirzə Cəlil Məhəmmədqulu bəylə birlikdə xəstəni Tiflisə aparır və həkimlərin tövsiyyəsi ilə əsəb xəstəlikləri üzrə Mixaylovski xəstəxanasına yerləşdirir. Buna baxmayaraq Nazlı xanımın xəstəliyi şiddətlənir, yeməkdən qəti imtina edir və tezliklə dünyasını dəyişir. Üçüncü dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş, oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir.

Yazıçı 4 yanvar 1932-ci ildə Bakıda vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə