Kərki kəndinin işğalından 29 il ötür

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ermənilər tərəfindən işğal olunmasından 29 il ötür. Yanvarın 18-də keçmiş SSRİ Müdafiə Nazirliyinin 7-ci Ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilər tərəfindən işğal olunub.

Xatırladaq ki, 20 Yanvar faciəsi ərəfəsində hiyləgər düşmən Naxçıvan Muxtar Respublikasında işğal planlarını həyata keçirməyə cəhd göstərirdi. Belə ki, 1989-cu il dekabrın 14-də ermənilər tərəfindən güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qaldı. O vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdi. Həmin gün Sədərək ilk dəfə top atəşinə tutuldu. Ermənilərin yanvarın 19-da ciddi-cəhdlə bütün istiqamətlərdə muxtar respublikaya hücum etməsi isə, onu göstərirdi ki, xain qonşularımız Bakıya qoşun yeridiləcəyindən və bununla da, Naxçıvanın köməksiz qalacağından xəbərdar olublar. Bu isə, SSRİ rəhbərliyinin çirkin planının tərkib hissəsi idi.

Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olanların sayı saatbasaat artırdı. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular. Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gəldilər və Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Naxçıvanlılar bir yumruq kimi birləşərək, qədim diyarın müdafiəsində iştirak etdilər.

Həmin günlərdə silah-sursat az olsa da, naxçıvanlılar bir addım belə geri çəkilmək barədə düşünmürdülər. Qəhrəman sədərəklilərin kişisi də, qadını da, uşağı da, qocası da torpaq uğrunda ölməyə hazır idi. 1990-cı il yanvarın 18-i səhərə kimi Kərki kəndi inadla müdafiə olundu. Lakin qüvvələr nisbəti qeyri–bərabər olduğuna, silah çatışmazlığına və dörd bir tərəfdən mühasirə şəraitində olduğuna görə, vəziyyət faciə ilə nəticələnə bilərdi. Kərki kəndinin müdafiəçiləri qəhrəmanlıqla vuruşub, son ana qədər düşmənə ciddi müqavimət göstəriblər. Həmin gün kənd səhər saat 4 radələrindən saat 18-19-a qədər şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş ləvazimatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar. Kərki də, digər işğal olunmuş ərazilərimiz kimi, xəyanət nəticəsində düşmənin əlinə keçib.

Kərki kəndinin işğalı XX əsrin sonlarında ermənilərin ilk işğalçılıq aktı kimi tarixə düşüb. Ümummilli Lider Heydər Əliyev Naxçıvana gələndən sonra, əhali artıq tam əmin idi ki, düşmən qalib gələ bilməyəcək. Çünki həmin vaxtdan sonra Naxçıvanda ordu quruculuğuna başlanıldı. Bu, naxçıvanlılara cəsarət verdi, səngərlərdə daha inamla dayandılar, düşmənə həddini bildirdilər. Bir sözlə, Sədərək məğlubedilməzlik simvoluna çevrildi.

20 Yanvar hadisələri zamanı Naxçıvanda Sovet ordusunun erməni hərbi birləşmələrinə dəstək verməsinə, SSRİ rəhbərliyinin təcavüzkar hərəkətlərə göz yummasına qarşı ciddi etiraz dalğası yarandı. Qanlı Yanvar qırğınından sonrakı dövr - 1990-cı ilin fevral-may ayları da blokada vəziyyətində olan Naxçıvanda çox gərgin keçdi. Biçənək, Şada, Gərməçataq, Sədərək, Havuş kəndləri erməni hücumlarına məruz qaldı. 1990-1993-cü illərdə ermənilərin 14 hücumu zamanı Sədərək 100-dən artıq şəhid verdi.

Vaxtilə şiddətli döyüşlərin getdiyi bir məkan bu gün sürətlə inkişaf etdirilir. Bu gün sədərəklilər evlərində rahat, təhlükəsiz bir şəraitdə yaşayır və muxtar respublikamızın inkişafına öz töhfələrini verirlər. Çünki ötən əsrin 90-cı illərində Naxçıvanın müdafiəsində öz sözünü demiş bu yurd yeri bu gün də igid və qəhrəman əsgərlərimiz tərəfindən göz bəbəyi kimi qorunur. Naxçıvanının keşiyində dayanan Əlahiddə Ümumqoşun Ordu bu gün istənilən hərbi vəzifəni yerinə yetirmək qüdrətindədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: "Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan Ordusu bu gün güclü ordudur. Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda, Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır".

Bu gün Sədərəkdə ötən əsrin 90-cı illərində baş verən hadisələrin yenidən təkrarlanması mümkün deyil. Bu gün Naxçıvan sürətlə inkişaf etmiş, qüdrətli məkandır. Müasir dövrümüzdə müasir və yüksək standartlara cavab verən Azərbaycanın Milli Ordusu regionun ən güclü ordusu səviyyəsinə yüksəlib. Azərbaycan Ordusunun 26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun növbəti uğuru kimi tarixə yazıldı. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla üç gün davam edən əməliyyatlar nəticəsində, 11 min hektar ərazini ermənilərdən azad etdi. 2016-cı ilin aprel savaşında 2 min hektar Azərbaycan ərazisi işğaldan azad edilmişdisə, daha sonra əsgərlərimiz 11 min hektar ərazini işğaldan azad etdi. Strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır. Bütün bunlar, ordumuzun işğalda olan torpaqlarımızın bir qismini düşməndən azad etməsi Kərkinin də tezliklə azad olunacağından xəbər verir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə