Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıb

Gömrükçülər narkotik vasitə və psixotrop maddə aşkarlayıb. Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən SİA-ya verilən məlumata görə,Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Saxlanılan şəxs şifahi sorğu sual zamanı üzərində qadağan olunmuş hər hansı predmetin, o cümlədən narkotik vasitə, yaxud psixotrop maddənin olmadığını bildirib. Lakin hərəkətləri şübhə yaratdığından Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın daxili orqanı - düz bağırsağında 3 büküm aşkarlanıb. Bükümlərdən birində qablaşdırması ilə birlikdə çəkisi 200 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, digər iki bükümdə isə qablaşdırması ilə birgə çəkisi 104 qram olan ağ xırda kristal halda psixotrop maddə - metamfetamin olduğu məlum olub.

Xatırladaq ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə