"Konsulluq xidmətləri bütün “ASAN Xidmət” mərkəzlərini əhatə edəcək" AÇIQLAMA-ÖZƏL

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə imzalanmış müvafiq Fərmanına əsasən “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin sayı artırılıb. Fərmana əsasən mərkəzlərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi, sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, həmçinin viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi xidmətləri də həyata keçiriləcək.

Fərmandan irəli gələn məsələlər haqqında SİA-ya açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, ölkə başçısı tərəfindən imzalanan fərmana əsasən bundan sonra vətəndaşlarımıza mərkəzlərdə daha şəffaf, operativ şəkildə konsulluq xidmətləri təqdim olunacaq.

Mərkəzlərdə dövlət orqanlarının sayının 11 olduğunu deyən şöbə müdiri söyləyib ki, ölkə başçısının son fərmanı ilə bu orqanların sayı 12-yə çatdı:

“Ümumilikdə “ASAN Xidmət” mərkəzlərində vətəndaşlara 320-dən çox xidmət göstərilir. Bu xidmətlərə artıq Xarici İşlər Nazirliyi tərəfindən diplomatik pasportların verilməsi və dəyişdirilməsi, sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, həmçinin viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi daxil edildi. Əsas məqsəd konsulluq xidmətlərinin ASAN-ın prinsiplərinə uyğun şəkildə həyata keçirilməsidir ki, bura operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri daxildir. Artıq bundan sonra vətəndaşlarımız bu xidmətdən də eyni prinsiplər əsasında yararlanacaqlar ”.

E. Niftəliyev qeyd edib ki, konsulluq xidmətləri ilə bağlı fərman ölkə ərazisində fəaliyyət göstərən bütün “ASAN Xidmət” mərkəzlərini əhatə edir:

“Fərmanın martın 1-də qüvvəyə minəcəyini nəzərə alaraq, bununla bağlı təxirəsalınmaz tədbirlərə start verilib. Hazırda layihələndirmə prosesləri gedir. Fərmanə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə verilən tapşırıqlardan biri də xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan azərbaycanlılara, eyni zamanda xarici ölkə vətəndaşı olan lakin Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə “Elektron Hökumət” portalı vasitəsilə elektron xidmətlər göstərəcək”.

Şöbə müdiri vurğulayıb ki, 2019-cu ilin hədəflərindən biri elektron hökumətin yeni modelinin istifadəyə verilməsidir: “Bu fərmanda da “Elektron Hökumət” portalı vasitəsilə konsulluq xidmətlərinin həyata keçirilməsi öz əksini tapıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə