AMEA Naxçıvan Bölməsində qarşıda duran vəzifələrdən danışılıb

AMEA Naxçıvan Bölməsində 2019-cu ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan tədbir keçrilib. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bölmənin ötən il əldə etdiyi elmi nailiyyətlərə qısa nəzər salaraq cari ildə əməkdaşlar qarşısında duran vəzifələrdən geniş danışıb. Diqqətə çatdırılıb ki, ötən il bölmədə 23 monoqrafiya, 15 kitab, 4 kitabça, 3 metodik vəsait, 555 elmi məqalə, 213 konfrans materialı, 7 tezisi olmaqla 820 elmi əsər nəşr edilib. 2 monoqrafiya, 87 elmi məqalə, 75 konfrans materialı və 3 tezis olmaqla əsərlərdən 167-si xaricdə işıq üzü görüb. Elmi məqalələrdən 48-i impaktfaktorlu (11-i TomsonReuters) jurnallarda çap edilib. Məqalələrin 99-u xaricdə olmaqla 498-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb.

Məlumat verilib ki, ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi əsasında Plan işindən əlavə “Naxçıvan türbələri”, “Naxçıvan imamzadələri”, “Naxçıvan hamamları”, “Naxçıvan buzxanaları” kitabçaları, həmçinin“Yengicə kəndində Şərq hamamı”(Azərbaycan və ingilis dillərində) bukleti, “Naxçıvanın məscid və ziyarətgahları” monoqrafiyası, “Qarabağlar Türbə Kompleksi” (üç dildə, Azərbaycan, rus və ingilis) və “Naxçıvan coğrafiyası” kitabının ikinci cildi hazırlanaraq nəşr edilib.

Ali Məclis Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığına əsasən, bölmədə palçığın kimyəvi analizi aparılıb, qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanıb, həm krem, həm də quru toz formasında qablaşdırılaraq satış üçün əczaxanalara göndərilib. Həmçinin Biləv kəndi ərazisindən alüminium sulfat tərkibli süxur analiz olunub, süxurdan kalium alüminium zəyinin, alüminium sulfatın və alüminium hidroksidin alınması texnologiyası işlənilib. Eyni zamanda Darıdağ termal suyunun quru qalığını almaq üçün şərait yaradılıb və məhsul istehsalına başlanılıb. O cümlədən Qabıllı gili əsasında yuyucu tozu hazırlanıb.

Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının ərazi florasında elmi və xalq təbabətində istifadə olunan, Farmakopeyaya daxil edilən 132 rəsmi dərman bitkisi müəyyənləşdirilib. Dərman bitkiləri toplanılıb, steril şəraitdə qurudulub, qarışıqların hazırlanması üçün sertifikatlar alınıb. Qarışıqlar standartlara uyğun reseptlər əsasında qablaşdırılaraq əczaxanalara satışa göndərilib.

İsmayıl Hacıyev şöbə və laboratoriyaların komplektləşdirilməsi, ixtisaslı elmi kadrların hazırlanmasına diqqətin artırılması, elmi tədqiqatların kefiyyətinin yüksəldilməsi və tətbiqyönülü işlərin həyata keçirilməsinin cari ildə qarşıda duran əsas vəzifələr olduğunu bildirib. Qeyd edib ki, 2019-cu ildə, həmçinin Naxçıvan Muxtar Respublika ərazisində arxeoji, etnoqrafik və epiqrafiq, onomastik, dialektoloji və folklor, flora və fauna, o cümlədən qədim çap kitab və əlyazmaların toplanılması üçün elmi ekspedisiyaların aparılması, habelə qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən təhlil olunması, ümumiləşdirici əsərlərin, monoqrafiya və kitabların hazırlanması əsas məsələlərdəndir.

Elmlə təhsilin inteqrasiyasından söz açan İsmayıl Hacıyev bölmənin elmi dərəcəli əməkdaşları ayda bir dəfə ümumtəhsil məktəblərdə nümunəvi dərslərdə, bununla yanaşı interaktiv və açıq dərslərdə yaxından iştirakının zəruriliyini vurğulayıb. O, beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumlarda əməkdaşların iştirakı, xarici ölkələrin və respublikanın elm, təhsil və digər müəssisələr ilə əməkdaşlığın genişləndirilməsi, muzey və arxivlərdə araşdırmaların aparılması və digər tədbirlərin həyata keçirilməsi barədə tapşırıq verib.

Sonra bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək

rəhbərlik etdikləri qurumun vəzifələri və görülmüş işlər haqqında məlumat verib, il ərzində həyata keçirilməsi planlaşdırılan məsələləri müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə