Ombudsman Aparatının əməkdaşları seminarda iştirak ediblər

17-18 dekabr 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Əmək Təşkilatı ilə birgə “Dövlət qulluqçularının əməyin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar təşkil ediblər. SİA xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının məsul əməkdaşları Zəhra İbrahimova, Ziba Məmmədova və İsgəndər Qasımov seminara qatılıblar.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının sədrinin birinci müavini İlyas Əliyev, Azərbaycan Respublikasının Sahibkarlar Təşkilatları (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev seminarın məqsəd və məramını, habelə dövlət qulluğunun təkmilləşdirilməsi üçün görülən işləri diqqətə çatdırıblar.

Beynəlxalq Əmək Təşkilatının eksperti, elmlər doktoru, professor V.Rojkovun seminarın iştirakçıları üçün hazırlanmış “Əməyin ödənilməsinin sosial-iqtisadi mahiyyəti. Bərpa prosesində əməyin ödənilməsinin rolu”, “Dövlət tənzimlənməsi: Minimum əmək haqqı” haqqında Qanun, “Yaşayış minimumu” haqqında Qanun”, habelə “Dövlət qulluqçularının əməyinin ödənilməsinin xüsusiyyətləri: İmtiyazlardan layiqli mükafatlandırmağa doğru”, “Dövlət qulluqçularının məvacibinin formalaşmasının əsas prinsipləri”, “Dövlət qulluqçularının məvaciblərinin formalaşdırılması təcrübələrinin icmalı” və digər mövzularda xüsusi məruzələri dinlənilib.
Seminarda ƏƏSMN Əmək siyasəti şöbəsinin müdir müavini Ə.Məhərrəmovun “Dövlət qulluqçularının əməyinin ödənilməsi sisteminin qurulmasında Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda etdiyi çıxışı maraqla qarşılanıb. Məruzəçi ölkəmizdə dövlət qulluqçularının əməyinin ödənilməsi prosesi və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görulən işlərlə bağlı seminar iştirakçılarına ətraflı məlumat verib.

ƏƏSMN-in Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin Əməkhaqqı və əmək münasibətləri şöbəsinin baş elmi işçisi E.Məmmədov “Azərbaycan Respublikasında büdcədən maliyyələşdirilən təşkilatlarda əməyin ödənilməsinin bəzi məsələləri” haqqında danışıb.

Məruzə olunan mövzular ətrafında interaktiv müzakirələr zamanı Ombudsman Aparatının əməkdaşları fəal iştirak edərək dövlət qulluğu ilə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi prosesində dövlət qulluqçusunun hüquqlarının təmin olunmasının əsas məqsəd olduğunu vurğulayıblar. Onlar eləcə də, milli-psixoloji xüsusiyyətlərini nəzərə alaraq beynəlxalq təcrübəyə uyğunlaşdırlmasını təklif ediblər.
Seminar canlı müzakirələr şəraitində davam edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə