"Audiokitab” layihəsi ilə bağlı tədbir keçirilib TƏDBİR-VİDEO-FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Audiokitab” yayım rəhbərliyi tərəfindən “Audiokitab” layihəsi haqqında sualları cavablandırmaq məqsədilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə layihəni ərsəyə gətirən yaradıcı şəxslər, ziyalılar, gənclər və KİV iştirak edib.

Tədbirdə çıxış edən kitabın müəllifi Həsən Həsənov bildirib ki, Azərbaycanda ilk dəfə həyata keçirilən, dörd ilə yaxın bir vaxt ərzində ərsəyə gələn “Audiokitab” layhəsi çərçivəsində artıq 400-ə yaxın kitab peşəkar aktyorların ifasında səsləndirilib: “Artıq bir neçə gündür ki, “Audiokitab” dünyanın hər yerində yayımlanır. Ümid edirik ki, tezliklə "Audiokitab" həmvətənlərimizin daha sıx birləşməsi üçün bir vasitə olacaq. "Audiokitab" sayəsində Azərbaycan ədəbiyyatı bütün dünyada əlçatan olur, həmvətənlərimizi birləşdirir, xaricdə dünyaya gəlmiş gənc nəsildə Azərbaycan mədəniyyəti aşılamağa, onların ədəbi dili mənimsəməsinə kömək edir".

Daha sonra professor İlham Həsənov diqqətə çatdırıb ki, audiokitabların formatı ona görə rahatdır ki, kitabları nəqliyyatda - avtomobil, təyyarə, qatarda, gəzinti, istirahət zamanı, müəyyən işləri yerinə yetirərkən dinləməyə imkan verir: “Bundan başqa "Audiokitab" görməyən və zəif görən insanların Azərbaycan ədəbiyyatı və tarixi ilə tanış olmasına imkan yaradır”.

“Audiokitab” layihəsinin redaktoru Fərid Nəsibov isə bildirib ki, layihədə klassik və müasir Azərbaycan ədəbiyyat nümunələri, dərs vəsaitləri, elmi kitablar və mühazirələr, Azərbaycan nağılları, şifahi xalq yaradıcılığı və xarici ədəbiyyat nümunələri öz əksini tapıb: “Layihənin əsas məqsədlərindən biri milli ədəbiyyat nümunələrimizin, tarixmizin ölkəmizdə və xaricdə yaşayan həmvətənlərimizə azərbaycan dilində çatdırılması və mədəniyyətimizin təbliğ edilməsidir.

Daha sonra Safaroff Agency-nin rəhbəri Çingiz Səfərov və “Audiokitab” layihəsində mətnləri səsləndirən aktyor və aktrisalar çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, “Audiokitab” yeni texnologiyalar vasitəsilə insanların klassik və müasir Azərbaycan və dünya yazıçıları və onların əsərləri haqqında məlumatlandırılması, mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsinə dair fəaliyyət göstərən kommersiya təşkilatıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə