"Elmin populyarlaşdırılmasında KİV-in rolu" TƏDBİR - SƏS TV

Bu gün AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə "Elmin populyarlaşdırılmasında KİV-in rolu" mövzusunda "dəyirmi masa" keçirilib. SİA-nın xəbərinə görə, ölkənin aparıcı qəzetlərinin baş redaktorları, xəbər saytlarının rəsmiləri, AMEA-nın İnstitutlarının ictimaiyyətlə əlaqələr şöbəsinin müdirləri və KİV rəhbərləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev müasir cəmiyyətdə elmin populyarlaşdırılmasına böyük tələbatın olduğunu bildirərək KİV-in bu prosesdə rolunu xüsusi qeyd edib. O elmin vəziyyəti haqqında etibarlı, obyektiv informasiyanın cəmiyyətə çatdırılmasında, elm və elmi biliklərin nailiyyətlərin populyarlaşdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirirərək, KİV-in akademik tədqiqatlara ictimai marağın artırımasınandakı rolundan söz açıb.

İdarə rəisi bu sahədə kadr hazırlığı, jurnalistlərin bir və ya bir neçə elm sahəsi üzrə ixtisaslaşması sahəsində mövcud problemlərin həllinin və elmi-populyar üslubun tələblərinə cavan verən məqalələrin hazırlanmasının önəmliliyini bildirərək bu gün KİV-də işıqlandırılan elmi informasiyaların keyfiyyət və kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını vurğulayıb.

Daha sonra çıxış edən Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva ölkənin 20-dən artıq aparıcı qəzet və xəbər saytında aparılan monitorinqlərin nəticələrini açıqlayıb. O qəzet və informasiya resurslarında işıqlandırılan müxtəlif səpkili elmi materiallarda tədqiqatların mahiyyəti ilə bağlı fikirlərin elmi üslubda kənara çıxmadığını qeyd edərək, elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanması sahəsində mövcud problemlərdən bəhs edib.

Tədbirdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu söyləyib ki, Azərbaycanda media institutu kimi ikinci institut yoxdur ki özünü bu qədər tənqid etsin: "Biz nə elm xadiminin jurnalist, nə də jurnalistdən elm xadimi düzəldə bilmərik. Bəzi hallarda bizim üçün ümumilli əhəmiyyət kəsb edən məsələlər bağlı alimlərdən cavab almağa çətinlik çəkirik. Bunun üçün hətta günlər tələb edir. Belə olan halda artıq mövzu gündəmini itirmiş olur. Bu baxımdan jurnalistlə qurum arasında sıx əlaqə yaratmaq çox çətin olur. Biz bunun üçün səylərimizi birləşdirməli, informasiya ilə vətəndaş boşluğunu doldurmalıyıq".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, elmin mətbuatda populyarlaşdırılması üçün kadrlar ixtisaslaşmalıdır ki, bunun üçün zaman tələb olunur: "Hesab edirəm ki, ilk növbədə elm xadimlərini Avropa üçün deyil, Azərbaycan üçün yetişdirməliyik. Alimlərin elmi məqalələr yalnız elmi jurnallarda deyil, qəzet və saytlarda dərc edilməlidir. AMEA-nın cəmiyyətdə rolu alimlərin dilindən göstərməlidir. Ekspert qismində onlar müəyyən fikirlərin formalaşmasında iştirak etməlidirlər. Alimlərimiz informasiya verməkdə aktiv iştirak etmirlər. Qeyri-hökumət təşkilatlarının ekspertləri alimlərimizin daha fəaldırlar".

"İki Sahil"qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsi KİV-lə münasibət qurmaqda maraqlı olmalıdırlar: "AMEA-nın elə institutları var ki, onlar hər gün material göndərirlər, amma elə institutlar da var ki, onların ictimaiyyətlə əlaqələr şöbəsinin heç kim tanımır. Alimlər öz məqalələrini dərc etdirməkdə aktiv olmalıdırlar. Çox təəssüf ki, AMEA-nın İnstitut direktorları mediaya açıq deyil".

Akademik Misir Mərdanov vurğulayıb ki, Azərbaycanın bugünkü və gələcək inkişafında elmin öz yeri var: "Əgər bu gün ölkəmizdə elm inkişaf edərsə, alimlərimizin yazıları dünya səviyyəsində olunursa bu bizim uğurumuzdur. Bu gün elmin populyarlaşdırılması ilə bağlı problemlərdə günahkar axtarmamalıyıq. Əksinə media ilə qurum arasında əlaqələr genişləndirilməlidir. Bu gün müxtəlif səbəblərdən Azərbaycandan kənarda minlərlə alimlərimiz çalışır. İllər əvvəl Türkiyədə riyaziyyat elmi dünyada son yerlərdə idisə, bu gün artıq azərbaycanlı alimlərin hesabına 17-ci yerə yüksəlib. Bu məsələ medianın diqqətində olmalıdır. Bizdən uzaqda fəaliyyət göstərən alimlərimizi unutmamalıyıq. Onların millət tərəfindən tanınması ilə bağlı birgə fəaliyyət göstərməliyik".

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, çox təəssüf Azərbaycanda jurnalistika fakültəsi humanitar elmlərdən təşkil edilib: "Amma başqa ölkələrdə dəqiq elmlərə üstünlük verilir. ABŞ-da ilk kurslarda dəqiq elmləri daha sonra humanitar, son kursda isə ixtisaslaşırlar. Azərbaycanda isə elmi jurnalistika yoxdur. Yaxın vaxtlarda ali məktəblərin jurnalistika ixtisaslarında islahatlar aparılacaq. Bu çox vacib məsələdir. Çünki biz informasiya dövründə yaşayırıq. Artıq əşya deyil, informasiya istehsal olunur".

Ə.Amaşov qeyd edib ki, dünya qloballaşır, belə bir şəraitdə elmin inkişafı çox mühümdür: "Çünki hazırki dünyada elmə böyük önəm verilir. Artıq xarici ölkələrdə elm adamları ölkəyə valyuta gətirirlər. Azərbaycanda bu istiqamətdə diqqət artırılsa, eləcə də dəqiq elmlərə diqqət artırılsa, nəticə əldə etmək olar. Redaksiyalarda elmə marağı olanlar seçilməli, onlar üçün görüşlər təşkil edilməlidir".

Tədbirdə həmçinin elm jurnalistikanın inkişafında kadr təminatı məsələsinə toxunulub. Elm və elmi biliklərin peşəkar səviyyədə populyarlaşdırılması və təbliğində yüksəkixtisaslı kadr hazırlığının mühüm rol oynadığı bildirilib. Sonda bir qrup jurnalistə AMEA ilə əməkdaşlıq etdiyinə görə Təşəkkürnamə təqdim edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə