Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla başa çatdırdı

Qədimliyi və müasirliyi ilə diqqəti cəlb edən Naxçıvan şəhəri qürurla daşıdığı İslam Mədəniyyətinin Paytaxtı missiyasını uğurla başa çatdırdı. Ötən aylar ərzində keçirilən, mühüm əhəmiyyət kəsb edən davamlı tədbirlər qədim diyarımızın mədəniyyət tarixində özünəməxsus yer tutdu. Bütün bunlar bir daha göstərdi ki, Naxçıvan beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəyə malik bir diyar olmaqla yanaşı, həm də milli dəyərlərin yaşadıldığı, dini həmrəyliyin təmin olunduğu, Azərbaycan xalqının böyük mədəniyyətinin ən qədim dövrlərdən bəri qorunub saxlanıldığı bir məkandır. Naxçıvan həm də İslam, ümumilikdə isə dünya mədəniyyət xəzinəsinə bənzərsiz bir töhfə verən qədim mədəniyyət mərkəzidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin Sədri Vasif Talıbovun dediyi kimi: “Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar Respublikasında İslam dəyərlərinə yeni yanaşmanın – elmi baxışın əsası qoyulmuş, Türk-İslam mədəniyyəti abidələri tədqiq olunmuş, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapmışdır”.

Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbirində bu fikirlər bir daha xüsusi vurğulandı.

2018-ci il muxtar respublikanın tarixində möhtəşəm hadisələrlə yadda qaldı

Əvvəlcə onu qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 2016-cı il 2 iyun tarixli Sərəncamına əsasən, 2017-ci il noyabrın 25-də və 2018-ci il iyunun 7-də Təşkilat Komitəsinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə iclasların keçirilməsi, hazırlıq işləri ilə bağlı məsələlərin ətraflı müzakirə olunması və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı kimi əhəmiyyətli uğurlara imza atmasına əsaslı zəmin yaratdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən hazırlanan və nümayiş olunan “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipi isə bütün İslam dünyasında böyük rəğbətlə qarşılandı. Bunu muxtar respublikamıza səfərə gələn müsəlman ölkələrinin yüksək səviyyəli təmsilçiləri də dəfələrlə vurğuladılar. Üzərində loqotip əks olunmuş 100 min zərfin, 100 min poçt markasının, markalardan ibarət 200 bukletin, 500 döş nişanı və suvenirlərin, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018”in rəsmi internet səhifəsinin hazırlanması da bu istiqamətdə görülən işləri keyfiyyətcə yeni mərhələyə yüksəltdi. Digər tərəfdən Naxçıvanın müasir görüntülərini, təbiətini, tarix-mədəniyyət abidələrini əks etdirən foto¬şəkillərin ISESCO-nun saytında yerləşdirilməsi muxtar respublikamızın daha geniş miqyasda tanınmasına şərait yaratdı.

Tarixi-mədəni irsin təbliğində bu il ərzində işıq üzü görən yeni nəşrlərin rolunu xüsusi qeyd etmək lazımdır. “İslamda müdrik kəlamlar”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” kitabları, “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilmiş beynəlxalq konfransın materialları, eləcə də məşhur naxçıvanlı mütəfəkkir Nemətullah Naxçıvaninin “Qurani-Kərim”in təfsirinə həsr olunmuş çoxcildliyinin birinci cildinin tərcümə edilərək nəşr edilməsi diyarımızın qədim tarixinin, burada formalaşan böyük mədəniyyətin geniş kütlələrə çatdırılmasında əhəmiyyətli rol oynayır. Ötən müddətdə “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” televiziya filmləri, “Naxçıvan-2018. İslam mədəniyyəti” videoçarxı da hazırlanıb.

İyunun 20-də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılışı isə Naxçıvanda əsl bayram təntənəsi yaşatdı. Açılış tədbirindən sonra muxtar respublikada dünya şöhrətli ebru sənətçisi, Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri Hikmət Barutcugilin əsərlərindən ibarət “Allahın gözəl adları” mövzusunda sərgisinin, dünya şöhrətli İran rəssamı və miniatür ustadı Mahmud Farçciyanın sənət sərgisinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Dədə Qorqud” Kamera Orkestrinin konsertinin, “İslam filmləri həftəsi”nin, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfransın, “Türk-islam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” adlı II beynəlxalq konfransın keçirilməsi çox mühüm ictimai-mədəni hadisələr kimi qədim diyarımızın tarixində uzun müddət qalacaq.

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı tərəfindən VII Beynəlxalq Klassik Musiqi Festivalı, ISESCO-nun Yaşıl Şəhər Strategiyasının həyata keçirilməsi ilə bağlı Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Misirdən olan ekspertlərin iştirakı ilə regional toplantı, mədəni sənaye sahələrində investisiyaların əhəmiyyəti və gənclər arasında işsizliyin azaldılmasında onun rolu ilə bağlı milli seminar, ekstremizm və islamafobiyaya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti üzrə milli seminar və digər tədbirlər keçirilib. Bütün bunlarla bağlı çoxsaylı xəbərlər beynəlxalq informasiya agentlikləri tərəfindən əhəmiyyətli məlumatlar kimi dünyaya yayılıb.

Naxçıvan İslam dünyasında mədəniyyətlərarası əlaqələrin inkişafına öz töhfəsini verdi

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in bağlanış tədbirində çıxış edən qonaqların fikirlərindən bir daha belə qənaətə gəlmək olar ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı missiyasını yerinə yetirməsi İslam dünyasında mədəniyyətlərarası əlaqələrin yeni mərhələdə möhkəmləndirilməsinə xidmət etdi. Çünki Naxçıvan İslam dünyasında ən qədim şəhərlərdən biridir və tarixboyu burada formalaşan böyük mədəniyyət İslam aləmi üçün zəngin bir xəzinə kimi həmişə dəyərli olub. Bağlanış tədbirində çıxış edən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Əminə əl-Həcri¬nin dediyi kimi: “Beşminillik tarixə malik olan Naxçıvan ən qədim şəhərlərdən və mədəniyyət mərkəzlərindən biridir. İslam dünyasında mühüm coğrafi və strateji mövqeyə malik olan Naxçıvan şəhəri İslam alimləri tərəfindən yüksək qiymətləndirilib. Həmçinin Naxçıvan Şərq və Qərb, Avropa və Asiya arasındakı tarixi ticarət yollarının, mədəniyyət və təhsil əlaqələrinin kəsişməsində yerləşir. Tarixboyu Azərbaycan xalqının mühüm tarixi-mədəni irsinin yaşadıldığı Naxçıvan mədəniyyət və sivilizasiyalar arasında təmas vasitəsi olub və mühüm körpü funksiyasını yerinə yetirib. Özünün fərqli təbii, iqtisadi və mədəni potensialı olan qədim Azərbaycan şəhəri Naxçıvan öz zəngin maddi və qeyri-maddi mədəni irsini keçmişin təcrübəsindən faydalanaraq qoruyur və gələcəyə çatdırır”.

Həmin gün – dekabrın 15-də “Naxçıvan” Universitetində keçirilən “Türk-islam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” adlı II beynəlxalq konfransda çıxış edən TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş isə digər vacib bir məsələni diqqətə çatdırıb. O vurğulayıb ki, İslam mədəniyyətlərinin paytaxtları seçilərkən konkret meyarlar əsas götürülür. Belə ki, seçilən paytaxt zəngin tarixə sahib olmalı, mədəni baxımdan, eyni zamanda, İslam mədəniyyətinə, bəşəri dəyərlərə töhfə verməlidir. Tələb olunan amillərin də Naxçıvanda mövcudluğu bu qədim diyarın İslam Mədəniyyətinin Paytaxtı seçilməsində mühüm rol oynayıb. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi, ümumilikdə, Türk dünyası üçün böyük şərəf və qürurdur. Çünki Naxçıvan qədim Türk yurdudur və Türk dünyasında, o cümlədən İslam dünyasında özünəməxsus yerə malikdir.

Həqiqətən də, tarixən İslam sivilizasiyasının əsas mərkəzlərindən biri sayılan Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsində bir sıra mühüm məsələlər əsaslı rol oynayıb. Həmin məsələlərdən hər biri həm ayrılıqda, həm də ümumilikdə, əhəmiyyətli amillər kimi diqqəti cəlb edir və əslində, bir-birini tamamlayır. Naxçıvan möcüzəsi də məhz budur: sadalanan onlarla səbəblər zənciri dahilər yurdunun İslam Mədəniyyətinin Mərkəzinə çevrilməsini qaçılmaz edib.

Təkallahlılıq dünyaya ilk dəfə olaraq Naxçıvandan yayılıb

Yeri gəlmişkən, dünyada dinindən, irqindən asılı olmayaraq, bütün insanlar üç müqəddəs torpaq olduğunu qəbul edirlər. Bunlardan biri Məkkə, ikincisi Qüds, üçüncüsü isə Naxçıvan torpağıdır. Naxçıvan torpağı ona görə müqəddəs sayılır ki, bura Nuh Peyğəmbərin Vətənidir. Təkallahlılıq dünyada ilk dəfə olaraq bu torpaqda yayılıb. Əshabi-Kəhfdə qeyb olan insanlar da tək Allaha inanıblar və mağarada Uca Yaradana pənah gətiriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Beşminillik şəhər mədəniyyətinə malik olan Naxçıvan tarixən təktanrıçılığın mərkəzlərindən biri olub. İslamaqədərki dövrdə burada yaşayan Azərbaycan türkləri dini etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Ona görə də yerli əhali İslam dinini 653-cü ildə könüllü qəbul etmişdir. İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir, mənəvi saflığa və ədalətə çağırışdır. Dünya sivilizasiyasının formalaşıb inkişaf etməsində İslam təhsilinin, elminin və mədəniyyətinin böyük rolu vardır. Bunun sayəsində qədim Naxçıvan şəhərində də zəngin tarixi-mədəni irs formalaşmışdır. Möminə xatın, Gülüstan, Qarabağlar türbələri, buzxana və hamamlar, qədim məscidlər və digər abidələr bu torpaqda yaradılmış çoxsaylı türk-islam mədəniyyətinin dövrümüzə qədər gəlib çatmış nadir nümunələridir. Bütün bunlar onu göstərir ki, İslam mədəniyyəti güclü dövlətçilik, sülh və əmin-amanlıq olan yerdə inkişaf etmiş, böyük yaradıcı gücə malik olmuşdur”.

Onu da xatırladaq ki, əsrlərboyu çox böyük inkişaf yolu keçən Naxçıvan şəhəri hələ eramızın əvvəllərindən mühüm iqtisadi-mədəni və inzibati mərkəz kimi tanınıb, tarixdə iz qoyan bir sıra əhəmiyyətli dövlətlərin dayaq məntəqəsi, paytaxtı olub. Naxçıvan şəhəri Avropa ilə Asiyanı birləşdirən Böyük İpək Yolunun üzərində yerləşir. Qədim diyar ilə Kiçik Asiya, Orta Şərq və Zaqafqaziya ölkələri arasında əlaqələr xüsusilə sıx idi. Naxçıvanda hələ İslam dini yayılmamışdan əvvəl böyük mədəniyyət formalaşıb, elm, ədəbiyyat inkişaf edib. Bu inkişaf İslam dininin qəbulundan sonra yeni müstəviyə qədəm qoyub. Belə ki, Naxçıvanın yetişdirdiyi böyük İslam alimlərindən olan Baba Nemətullah Naxçıvani müqəddəs kitabımız “Qurani-Kərim”i təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşüb. O, İslam dininin elmi baxımdan öyrənilməsinə əvəzsiz töhfələr bəxş edib. Qədim diyarın digər bir elm xadimi, “Şərqin böyük dahisi” adlandırılan, bu gün də Avropada əsərləri hərtərəfli tədqiq olunan Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanıb, astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və elmin digər sahələrinə həsr olunmuş əsərlər yazıb. Memar Əcəmi Naxçıvani özünün əsrlərə şahidlik edən şah əsərləri ilə İslam dünyasında memarlığın inkişafında inqilabi yeniliklərə imza atıb. Onun Möminə xatın, Yusif Küseyir oğlu türbələri kimi ölməz sənət abidələri bu gün tarixə güzgü tutur.

Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması onun yüksəlişinə, şərəfli tarixi keçmişinə verilən yüksək beynəlxalq qiymətdir

Naxçıvanın yetişdirdiyi belə elm, mədəniyyət, siyasət dahilərinin sayı onlarladır. Ən əsası odur ki, aparılan məqsədyönlü siyasət nəticəsində Naxçıvan bu gün sosial-iqtisadi sahədə olduğu kimi, elm və mədəniyyət sahələrində də liderliyini qoruyur. İslam Mədəniyyətinin Paytaxtı olması isə onun yüksəlişinə, o cümlədən şərəfli tarixi keçmişinə verilən yüksək beynəlxalq qiymətdir.

Bu məqamda o da vurğulanmalıdır ki, dünyanın çox böyük coğrafi ərazisini əhatə edən İslam dünyasında bu gün yüzlərlə şəhər mövcuddur. Bu şəhərlər arasında əhalisinin sayına, infrastrukturuna görə diqqəti cəlb edənlər də az deyil. Lakin həmin şəhərlərin əksəriyyəti İslam Mədəniyyətinin Paytaxtı kimi şərəfli bir ada hələ də layiq görülməyiblər. Naxçıvan şəhəri isə tarixiliyi, zəngin mədəniyyəti və bütün istiqamətlər üzrə həyata keçirilən quruculuq işləri nəticəsində İslam Mədəniyyətinin Paytaxtı adına layiq görüldü və bu missiyanı uğurla yerinə yetirdi. Həm də müstəqilliyimizin çox qısa bir tarixi dövründə.

Doğma yurdumuzun İslam dünyasında rəğbət qazanmasının digər bir səbəbi odur ki, müasir Naxçıvan Qərbyönlü inkişafın əsas meyillərini təcəssüm etdirsə də, Şərq mühitinin özünəməxsus aurasını qoruyub saxlaya bilib. Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində Naxçıvan şəhərində əsaslı şəkildə bərpa edilmiş XIX əsrə məxsus Came məscidi, Nuh Peyğəmbərin türbəsi, Zaviyə-mədrəsə binası, həmçinin Möminə xatın, Yusif Küseyir oğlu türbələri, Naxçıvanqala, Xan sarayı, İsmayılxan hamamı həm də böyük İslam mədəniyyətini özündə yaşadan qədimlik ənənəsinin əsaslı nümunələridir. Görkəmli şair-dramaturq Hüseyn Cavidin şəbəkə ilə işlənmiş türbəsi də bu ənənələrdən bəhrələnərək ucaldılıb. Belə bir mötəbər məkan İslam Mədəniyyətinin Paytaxtı adına ancaq ucalıq gətirir.

Təsadüfi deyil ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan edilməsindən sonra keçirilən bir sıra tədbirlərdə iştirak edən xarici ölkələrin mədəniyyət xadimləri Naxçıvanın qədim tarixinə və onun müasir görkəminə heyranlıqlarını ifadə edir, şəhərimizin mədəni həyatındakı yeniliklərlə maraqlanırdılar. Söz yox ki, bu tədbirlərin iştirakçısı olan xarici ölkə vətəndaşları Naxçıvan haqqında, onun tarixi və mədəniyyət abidələri barədə öz ölkələrində ətraflı məlumatlar verirlər.

İslama yüksək münasibəti özündə əks etdirən Naxçıvan modeli dünyaya təqdim edildi

Bu gün Naxçıvan qədimliyi, mədəni zənginliyi, mühüm strateji əhəmiyyəti ilə yanaşı, həm də böyük önəmə malik beynəlxalq tədbirlərin keçirildiyi inkişaf, sabitlik, mədəniyyətlərarası dialoq məkanı, informasiya mərkəzi kimi də şöhrət qazanıb. Qədim diyarımızda islami dəyərlərin dünyəviliklə vəhdətdə inkişaf etdirilməsi nəticəsində İslama münasibətin elmi və mədəni yanaşmaya əsaslanan Naxçıvan modeli formalaşıb. Ölkəmizdəki tolerantlıq və multikulturalizm mühitində bu modelin özünəməxsus yeri var. Məhz bu mənada, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması İslam mədəniyyəti tarixinə qızıl hərflərlə yazıldı, tolerantlığın, multikulturalizmin harmoniyasından yaranan və İslama yüksək münasibəti də özündə əks etdirən Naxçıvan modeli dünyaya təqdim olundu. Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması bir illə məhdudlaşmır. Naxçıvan İslam sivilizasiyanın və Türk dünyasının tarixi-mədəni mərkəzlərindən biri olub və bundan sonra da bu adı əbədi qoruyub saxlayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərimizdir, böyük sərvətimizdir”.

Rauf Kəngərli

Bütün xəbərlər Facebook səhifəmizdə