Qazaxda cari ilin epizootik tədbirləri yekunlaşıb FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Qazax Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində aparılan tədbirlərlə yanaşı, mal-qara və quşlar yetişdirilən və saxlanılan binaların, dezinfeksiyası və dezinseksiyası aparılır. Baytarlıq Xidmətindən SİA-ya verilən məlumata görə, həmçinin rayonda mütəmadi olaraq diri heyvanların satışı aparılan 2200 kvadratmetr sahəsi olan mal bazarı və “Qırmızı Körpü” Sərhəd Keçid Məntəqəsinin Şıxlı kəndi ərazisində yerləşən terminalında Gürcüstan Respublikası və digər ölkələrdən kəsim məqsədi ilə gətirilmiş heyvanların boşaldığı ərazi dezinfeksiya edilir.

Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində Qazax rayonunda 21710 kvadratmetr ərazidə dezinfeksiya tədbirləri aparılıb.

Rayonda epizootik sabitliyi qorumaq məqsədi ilə “Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.

Qazax Rayon Baytarlıq İdarəsi cari il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə iribuynuzlu və xırdabuynuzlu heyvanlardan bruselyoz və infeksion epididemit xəstəliyinə görə qan nümunələri alınaraq müayinə edilib. Eləcə də iribuynuzlu heyvanlarda vərəmə (tuberkulinizasiya ) və atlarda manqo xəstəliyinə görə (malleinizasiya) alleroji müayinələr aparılıb və yoluxma aşkar edilməyib.

Bununla bərabər cari ilin ötən dövrü ərzində 31406 baş iribuynuzlu, 140948 baş xırdabuynuzlu, 6437 baş cavan iribuynuzlu, 1153 baş təkdırnaqlı heyvanda qarayara, 53596 baş iribuynuzlu, 92420 baş xırdabuynuzlu heyvanda dabaq, 33310 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 5601 baş iribuynuzlu,1183 baş xırdabuynuzlu heyvanda leptospiroz,115839 baş xırdabuynuzlu heyvanda çiçək, 23593 baş xırdabuynuzlu heyvanda (“Rev-1” vaksini ), 4882 baş iribuynuzlu heyvanda (“Ştamm-19”) bruselyoz, 5854 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 214255 başda “La-sota “ vaksini, 219506 başda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.

Görülən müalicə-profilaktik tədbirlərlə yanaşı, Qazax Rayon Baytarlıq İdarəsi mütəmadi fermerlər arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri aparır .

Hazırda Qazax Rayon Baytarlıq İdarəsində növbəti il üçün nəzərdə tutulmuş heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin keyfiyyətliliyini təmin etmək məqsədi ilə hazırlıq işlərinə başlanıb. Nazirliyin Təchizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilərək “soyuq zəncir” rejiminə riayət edilir. Eləcə də idarə lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hər il olduğu kimi, növbəti ildə də dövlət vəsaiti hesabına alınan, rayon baytarlıq idarələrinə vaxtında çatdırılaran soyuducu kameralara yığılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq ediləcək.

Baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və yerlərə çatdırılması barədə müvafiq tapşırıqlar verilib. Baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinin bölgüsünə, onların yerlərdə tətbiqinə rayon baytarlıq idarələri tərəfindən ciddi diqqət yetirilməsi, baytarlıq preparatlarının işlədilməsi zamanı epizootik və ambulatoriya kitablarında qeydiyyatın aparılması dair göstərişlər verilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.

Bütün xəbərlər Facebook səhifəmizdə