KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

KİVDF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açaraq gündəliyə Fondun 2019-cu ilin birinci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqinin və cari məsələlərin daxil olduğunu deyib.

Fondun icraçı direktoru Vüqar Səfərli yeni dövrün tələblərindən irəli gələrək müsabiqə qaydalarında müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurəti ilə əlaqədar KİV-lərə maliyyə yardımının 6 ay deyil, 3 ay müddətinə ayrılmasını təklif edib. O, həmçinin bildirib ki, yeni qaydalar hazır olana qədər qəzetlər müsabiqəyə sənədləri mövcud şərt və meyarlar əsasında təqdim edəcəklər.

İcraçı direktor 2019-cu ilin birinci rübü üzrə KİV-lərə maliyyə yardımı müsabiqəsinin dekabrın 19-dan 27-dək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" əsasında 19 istiqamət üzrə keçiriləcəyini bildirib.

Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən Cəmaləddin Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyev çıxış edərək Fondun maliyyə yardımı müsabiqələrinin çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Daha sonra müsabiqə elanı səsə qoyularaq təsdiq edilib. Cari məsələlərin müzakirəsi zamanı Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə